İsmayıllı meşələrində bitən bu bitki həm faydalıdır, həm də ucuz
İsmayıllı meşələrində bitən bu bitki həm faydalıdır, həm də ucuz İsmayıllı rayonu təbiətinin zənginliyi ilə seçilir. Burada müalicəvi əhəmiyyəti olan xeyli növdə bitki yetişməkdədir. Onlardan biri insan orqanizmi üçün heç də az əhəmiyyəti olmayan pəl bitkisidir. Baharda bitən pəl əhali arasında geniş istifadə olunur. Bəzi mənbələrdə ona tsiri, zərzər və xəzəz də deyilir. Pəl bitkisinə meşələrdə daha çox rast gəlmək olur. Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın yaşıl zoğuna çox oxşayır. Bu bitkinin çox ləzzətli qutabı olur. Pəlin dadı sarımsağın dadına bənzəyir və bu bitkidən hazırlanan qutabın dadı da digər qutablardan fərqlənir. Qutabınız meşədən toplanan odunların istisinə bişirilibsə dadından doymaq olmaz. Pəldən ləzzətli kükü də hazırlaya bilərsiniz. Bu bitkinin mövsümü martın ikinci ongünlüyündən başlayır və may ayınadək davam edir. Qeyd edək ki, bazarlarda və yol kənarında pəlin bir dəstəsi 80 qəpik, 1 manat arasında dəyişən qiymətlərə təklif edilir. Bu bitkinin ləzzətli turşusu da olur. Mütəxəssislər pəlin tərkibində fitonsid adlanan maddə olduğunu bildirirlər ki, bu maddə antibakterial təsirə malikdir. Bu bitki bədəndəki mikroblarla mübarizə aparmaqla immunitetin möhkəmlənməsinə yardımçı olur.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV