İsrail ordusu niyə Qəzzaya girə bilmir – Tunellərə qarşı yeni köpük bombası
Oktyabrın 7-dən başlayan HƏMAS-İsrail müharibəsi davam etməkdədir. İsrail hərbi dairələri qarşı tərəfin hədəfələrinin zərərsizləşdirilməsi ilə bağlı məlumatlar və videolar paylaşmaqdadır. Lakin Tel-Əviv Qəzza şəhərində açıq əməliyyatlardan çəkinir. İsrail ordusu noyabrın 6-da Qəzzada 48 saat ərzində hərbi əməliyyatlara başlamağı planlaşdırdığı elan edib. Ancaq hələ də əməliyyatın başlayıb başlamaması sual altındadır. Bu barədə İsrailin “Haaretz” nəşri də yazıb. Bildirilib ki, əməliyyatların məqsədi şəhərdəki HƏMAS döyüşçülərinə məxsus hərbi və mülki obyektləri məhv etməkdir. Bəs İsrail ordusu Qəzzada açıq əməliyyatlara başlamaqdan niyə çəkinir? Bunun bir neçə səbəbinin olduğu bildirilir. Səbəblərdən biri Qəzzada mülki əhalinin və yaşayış binalarının çox olmasıdır. Hər pəncərədən, hər qapıdan əli silahlı fələstin döyüşçüləri çıxa bilər. İkinci səbəb ağır bombardmanlar nəticəsində xarabalığa çevrilən binalardır. Uçub-dağılmış binalar prtlayıcı tələlərin yerləşdirilməsi üçün mükəmməl şərait yaradır. Üçüncü səbəb həm yaşayış binalarında, həm də uçmuş binalarda çox sayda snayperlərin olması ehtimalıdır. İsrail əsgərləri bütün bunları nəzərə almalıdırlar. Şəhərin içinə doğru irəliləyə bilmək üçün hər bina, hər dağnıtı qarış-qarış axtarılmalıdır ki, bu da əməliyyatın sürətini kəskin şəkildə azaldır. Dördüncü, ən əsas maneə isə Qəzzanın altında HƏMAS-a aid yüz kilometrlərlə uzanan, hörümçək toruna bənzəyən tunellərdir. Yəni İsrail əsgərləri şəhərin üstündəki maneələri aradan qaldıra bilsələr belə, təhlükəsiz sandıqları hər yerdən HƏMAS əsgərləri çıxa bilər. Qərb hərbi araşdırmaçılarının məlumatına görə, Qəzza şəhərinin altında daha bir neçə Qəzza şəhəri yerləşə bilər. Şəhərin hər küçəsinədən tünellərə giriş-çıxış var. Ancaq onların çoxu saxta giriş-çıxışlardır. Termit yuvasına bənzəyən bu labirint tunellər barədə İsrail hərbi dairəsi hələ də dəqiq məlumat əldə edə bilməyib. Bəzi mənbələrin məlumatına görə, həttta tuneller Qəzzadan İsrailin sərhədinə qədər uzanır və üstəlik, içərisində silahların yaşaya biləcəyi bütün təminatlarla, elektrik, nəqliyyat, hətta dəmir yolu xətti ilə təchiz olunub. Bu tunellərdə HƏMAS həm silahlarını istehsal edir, həm də istehsal etdiyi silahları İsrail şəhərlərinə ata bilir. İddialara görə, tunellərin uzunluğu 500 kilometrdən çoxdur. Dərinliyi 30 m-dən - 450 m-ə qədərdir. Bəzi yerlərdə eni 6 -13 kilometr olur. İsrailin Reyxman Universitetinin professoru Dr. Daphne Richemond Barak qeyd edib ki, İsrail ordusunu texnoloji üstünlüklərdən məhrum edən bu tunellər HƏMAS silahlılarına üstünlük verir. ABŞ-ın West Point Hərbi Kollecindəki Müasir Müharibə İnstitutu İsrail ordusunun üzləşdiyi lənətlə bağlı xəbərdarlıq edərək, bu tunellərin yeraltı kabus olduğunu vurğulayıb. Con Spenser instituta təqdim etdiyi araşdırmada, "Yüzlərlə kilometr tunelin bir-birinə qarışdığı Qəzzada problemin miqyası bənzərsizdir. Onlar əsl yeraltı şəhərdir" deyə vurğulayıb. Spenser əlavə edib ki, Qəzza zolağında uzunluğu 500 kilometr olan 1300 tunel var. Hərbi ekspertlərin məlumatına görə, Qəzza zolağında tunellər üç əsas növə bölünür. Birincisi, raket buraxılış qurğularının olduğu, sərhədləri keçmək və İsrail ordusu xəttinin arxasında hücumlar həyata keçirmək üçün istifadə edilən hücum tunelləridir. İkincisi, İsrail təyyarələrinin fələstinli döyüşçülərini görə bilməmələri üçün müdafiə tunelləridir. Üçüncü növü isə əməliyyatları idarə etmək üçün komanda və idarəetmə mərkəzləri kimi istifadə olunan logistik tunellərdir. Mütəxəssislər deyirlər ki, tunellərdə gizlədilən raket buraxılış qurğuları “tələ qapısı” adlanan sistem vasitəsilə görünə, işə düşə və sonra yenidən yoxa çıxa bilirlər. Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun mütəxəssisi Aleksandr Qrinberq isə bildirib ki, bu tunellər HƏMAS-a fayda versə də, həm də onlar üçün tələdir. Hərbi ekspertlərin fikrincə, HƏMAS-ın tunelləri Əfqanıstan dağlarındakı Əl-Qaidə və ya Cənub-Şərqi Asiya cəngəlliklərində Vyetnam Milli Azadlıq Cəbhəsi tunellərindən çox fərqlənir. Ən birinci fərqliliyi isə bu tunellərin yaşayış məntəqələrinin altında olmasıdır.
Fuad Sadıqov APA TV