Kəlbəcərə köç başladı - REPORTAJ

Kəlbəcər yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi başa çatıb.

APA TV-nın məlumatına görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupdan bildirilib ki, qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanıb.

 

Köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir. Layihədə bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulur. Artıq Kəlbəcər rayonundan olan fermerlərə məxsus 5 təsərrüfatın və Kənd Təsərrüfatı Nazirliyi yanında “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatlarının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması başa çatıb.

 

Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Öz təsərrüfatlarını Kəlbəcər yaylağına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.

 

Kəlbəcərli arıçı Sabir Mustafayev dədə-baba torpaqlarına qayıtdığı üçün çox xoşbəxtdir: “İki gündür gəlib yerləşmişik. 30 il əvvəl bu arıxana Kəlbəcərdən çıxıb. Tək biz yox, arılar da öz yurduna qayıdıb. Çox sevincliyik. Bizim üçün bu şəraiti yaradana təşəkkür edirik. İnşallah, bütün arıçılar bura gələr. Kəlbəcər arıçılıq üçün çox əlverişli yerdir. Ermənilər Kəlbəcər balını Fransaya ixrac edirdi. Bundan sonra bizim ixrac potensialımızı artıracaq arıxanalar gəlib burada yerləşəcəklər”.

 

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldar Həsənov deyir ki, nazirliyin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Kəlbəcər ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq keçirəcək: “Buraya 10 min başa qədər qoyun sürüsünün, 500 arı ailəsinin köçürülməsini nəzərdə tutmuşduq. Artıq demək olar ki, qoyun sürülərinin bir hissəsi yaylaqlarda yerləşdirilib. Eyni zamanda arı ailələri də tam olaraq öz dislokasiya yerlərində formalaşıblar”.

 

“Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi”nin regional rəisi Zabil Mustafayevin sözlərinə görə, pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın Kəlbəcər yaylaqlarına köçünü təmin etməkdir: “Bu gün damazlıq təsərrüfatları olaraq bizim də təsərrüfatımız artıq uzun illərdir həsrətində olduğumuz Kəlbəcər torpaqlarındadır. Kəlbəcər elə bir yerdir ki, hər zaman kənd təsərrüfatına öz töhfəsini verib. Gələcəkdə hər birimiz bunun necə yararlı olduğunu görəcəyik. Ölkəmizin ərzaq təhlükəsizliyinin təminatında bu addım çox böyük rol oynayacaq”.

 

Qeyd edək ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olub. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb. Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqlarında zəngin ehtiyat bitki örtüyü mövcuddur. Hazırda bölgənin bitki örtüyü ehtiyatlarının qoyunçuluq və arıçılığın inkişafı baxımından dəyərləndirilməsi davam edir.

Müəllif | Apa.Tv
Apa.tv