Kurort və sanatoriyalar şəhəri Naftalan - PREZİDENTİN İZİ İLƏ...
Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən dövlət proqramları sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəlib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, şəhər iqtisadiyyatının əsasını sanatoriya-kurort infrastrukturu təşkil edir.
Son illər müasir əsaslarla yeni kurortların yaradılması ilə şəhərin turizm potensialı genişləndirilir, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşır. Naftalan Mərkəzi Sanatoriyası da belə layihələrdən biridir.
Naftalan Mərkəzi Sanatoriyasının ərazisi 1 hektardır. Sanatoriyanın 10 mərtəbəli binası 88 standart otaqdan ibarət olmaqla 176 yerlikdir. Mərkəzin fəaliyyətə başlaması ilə 50 nəfər işlə təmin olunacaq. Sanatoriyanın nəzdində avtovağzal kompleksi fəaliyyət göstərəcək. Burada gözləmə zalı, kassa, ana və uşaq otağı da var.
Son illər Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilib. 2021-ci ildə daha 4 sanatoriya kompleksinin açılışı nəzərdə tutulur. Bu da gələcəkdə yeni iş yerlərinin açılması və daha çox turist qarşılanması deməkdir. Bununla yanaşı, məşğulluq imkanları artdıqca, şəhər əhalisinin sayı və müvafiq olaraq yeni sosial obyektlərə tələbat artır.
İyulunun 22-də Prezident İlham Əliyevin Naftalana səfəri zamanı 200 yerlik uşaq bağçasının da açılışı olub. Müasir standartlara uyğun qurulan sayca ikinci bağçada azyaşlıların təlim-tərbiyəsi və sağlam vətəndaş kimi yetişməsi üçün hər cür şərait yaradılıb.
Turizmə təkan verəcək əsas infrastruktur layihələrindən biri Naftalan hava limanının bərpası olacaq. Aeroport 1975-ci ildə tikilib, 1977-ci ildə istifadəyə verilib. Hava limanının uçuş enmə zolağı 1370 metr, eni 35 metr, ərazisi 48 hektardır.
Vaxtilə hava limanında çalışan Raya Dəmirova o günləri xoş xatirələrlə xatırlayır: “Axırıncı 1997-ci il sentyabrın 2-də uçuşumuz olub. O vaxta qədər mən hava limanında kassir vəzifəsində işləmişəm. SSRİ-nin bütün yerlərindən demək olar ki, gəlirdilər. Hər gün, demək olar, 75-80 nəfər burdan biz yola salırdıq, o qədər də qarşılayırdıq”.
Əsasən turistlərin rahatlığına xidmət edən bu məkan cəbhə bölgəsinə yaxın olduğundan, 1997-ci ildə fəaliyyətini dayandırmalı olub.
Naftalan cəbhə xəttinə yaxın ərazidə yerləşdiyindən, hava limanının fəaliyyətinin bərpası real görünmürdü. Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə nəticəsində artıq bu gün Naftalan hava limanının bərpa olunması ilə bağlı işlər aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Naftalan