Lənkərana yağan qar bir sıra fəsadlar törətdi
İki gündür Lənkərana yağan qar bir sıra fəsadlar törədib. Qar əsasən rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Ərazilərin 80% elektrik enerjisiz qalıb. Buna səbəb yüksək gərginlikli hava xəttinin qırılması, eləcə də elektrik dirəklərinin naqillərlə birlikdə aşmasıdır. Yağan qar yol infrastrukturuna da ciddi ziyan vurub. Qarın ağırlığından Lənkəran şəhərinin mərkəzində elektrik dirəkləri ilə yanaşı rabitə dirəkləri və iri gövdəli ağaclar da aşıb. Problemlər rayonun çörək zavoduna da öz mənfi təsirini göstərib. Bu səbəbdən sakinlər uzaq məsafələr qət edərək təndir çörəyi alırlar. Lənkəran rayon icra hakimiyyətinin 1 – ci müavini Möhübbət Babayev bildirib ki, sonuncu dəfə Lənkərana belə qar 10 – 11 il bundan əvvəl yağıb. Hazırda rayon Fövqəlada Hallar komissiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə tam təmin olunub: "İki gün ərzində yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Cəlilabad, Masallı, Lənkəran və Astaranın elektrik təsərrüfatında böyük fəsadlar yaradıb. Yağan qarın ağırlığı və külək çox sayda ağacların aşaraq xətlərin üzərinə düşməsinə səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində şəhər mərkəzlərində bəzi küçə və məhəllələr, eləcə də bəzi kəndlər işıqsız qalıb”-deyə, açıqlamada bildirilir. Qurumdan o da bildirilib ki, sözü gedən rayonlara iki gün ərzində Bakı və ətraf rayonlardan çoxsaylı qəza xidməti qrupları göndərilib. Qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalar davam etdirirlər. Qeyd edək ki, qəzaların əsas səbəbi qarın ağırlığına dözməyərək aşan ağaclardır. Hazırda Lənkəranda qarın yağması dayanıb.
İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran