Lənkəranda 16 minə yaxın sakin məhsullarını niyə bazara çıxara bilmir?
Lənkəran rayonunun dağlıq kəndlərini birləşdirən Separadi – Gəgiran – Tüədo avtomobil yolu tamamilə dağılıb. Bu yolda ancaq iki diferli nəqliyyat vasitələri normal hərəkət edə bilir. Onlar da sakinləri 30-40 manat pul qarşılığında magistrala aparırlar. Bu da sakinlərin büdcələrinə uyğun deyil. Kənddə xəstə olanda vəziyyət daha acınacaqlı olur. Çünki təcili tibbi yardım maşını əraziyə qalxa bilmir. Sakinlər xəstələri alternativ yol olan Masallı rayonunun Rüdəkənar kəndi ilə Boradigah qəsəbə xəstəxanasına aparırlar. Sakinlər onu da bildirdilər ki, kəndlərdə onların əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Nəqliyyat vasitəsi və texnika olsa da kənd təsərrüfatından əldə olunan məhsulları bazara çıxara bilmirlər. Səbəb isə nəqliyyat xidmətlərinin baha olmasıdır. Yolun vəziyyətindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də məlumatlıdır. Artıq yolun yenidən qurulması Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına salınıb. Qeyd edək ki, Separadi,Tükəvilə, Diryan, Jidi, Gəgiran, Köhnə Gəgir və Tüədo kəndlərindən 16 minə yaxın sakin bu yoldan istifadə edir.
İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran