Lənkəranda yağış yağan kimi bu bağçanın uşaqları da, tərbiyəçiləri də su altında qalır
50 ilə yaxındır ki, Lənkəran rayonu İsti – Su qəsəbə körpələr evi, uşaq bağçasında bir dəfə də olsun əsaslı təmir işləri aparılmayıb. Buna görə də bağçanın dam örtüyü qəzalı vəziyyətə düşüb, divarlarda çatlar əmələ gəlib, eyvanı isə dağılıb. Lənkəran rayonu İsti – Su qəsəbə körpələr evi, uşaq bağçası XX əsrin 40-cı illərində tikilib. Bina əvvəllər qonaq evi olub. Kənddə körpələr evi olmadığı üçün sözügedən tikilidə bağça yaradılıb. 1965 – ci ildən sözügedən bağça uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Bu müddət ərzində binada əsaslı təmir işləri aparılmadığı üçün, bina qəzalı vəziyyətə düşüb. Valideynlər deyir ki, binanın dam örtüyü qəzalı vəziyyətdə olduğundan, yağış suları bağçanın içərisində dolur. Bu da həm valideynlər, həm də bağçada işləyən müəllimlər üçün əlavə problemlər yaradır. Sözügedən binaya baxış keçirən aidiyyəti orqanların nümayəndələri, İsti – Su qəsəbə körpələr evi uşaq bağçası üçün yeni binanın tikilməsini qərara alıblar. Qeyd edək ki, əvvəllər bağça üç qruplu şəkildə fəaliyyət göstərib. Hazırda bağça iki qrupludur. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran