Maşını sahibindən xəbərsiz satışa çıxardılar – Beh dələduzluğu

Son vaxtlar internet vastəsilə dələduzluq əməllərinin sayı artıb. Dələduzlar ayrı-ayrı şəxslərin əmlakını elan saytlarında dəyərindən ucuz qiymətə yerləşdirirlər. Onlar bu məhsulu almaq istəyənlərdən onlayn qaydada beh istəyirlər. Beh verdikdən sonra isə dırnaqarası satıcı ilə bir daha əlaqə saxlamaq mümkün olmur. Belə dələduzluq əməli ilə qarşılaşanlardan biri də Həzrətdir. Onun avtomobilini özünün xəbəri olmadan sosial şəbəkədə satışa çıxarıblar. Röyal isə bir dəfə yox, dəfələrlə dələduzluq əməlinin qurbanı olub. O elan saytlarından birində görüb bəyəndiyi uşaq yatağını almaq üçün özünü satıcı kimi təqdim edən şəxsin bank kartına beh göndərib. Həmin vaxtdan 20 günə yaxın vaxt keçməsinə baxmayaraq, sifariş göndərilməyib. Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmək dələduzluq sayılır. Bu əməli törədənləri dələduzluğun miqyasına uyğun cəza gözləyir. Dələduzluq əməli külli miqdarda mənimsəmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən və ya öz qulluq mövqeyindən istifadə etməklə törədildiyi hallarda Cinayət Məcəlləsində 10 ilə qədər həbs cəzası nəzərdə tutulur. Daxili İşlər Nazirliyi vətəndaşların dələduzluğa məruz qalmamağı üçün mobil operatorlar vasitəsilə onlara SMS məlumatlar göndərir. Dələduzluq halları ilə qarşılaşan vətəndaşlar DİN-in 102 zəng mərkəzinə və qurumun sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

ORXAN ASLAN ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv