Meksikanın takosu, Türkiyənin simiti, Sumqayıtın nəyi?
Bəzən küçədə və ya yad şəhərdə olanda hansısa ləzzətli bir qoxu, rəngli və sərin bir su bizim aclığımızı bir az da artırır. Bu aclıq bizi o yeməklərdən, küçə ləzzətlərindən dadmağa vadar edir. Restoran yeməklərindən daha ucuz başa gələn bu yeməklər işə tələsən, gəzməyə çıxan hər kəsin, xüsusən də turistlərin seçim zamanı üstünlük verdikləri qidalardandır. Sualımızı Sumqayıt sakinləri belə cavablandırdı. Verilən cavablardan da aydın olduğu kimi Sumqayıtda yeyə biləcəyimiz küçə ləzzətləri arasında milli yeməklərimizdən yalnız qutaba rast gəlmək olur. Bəs başqa hansı milli yeməklərimiz bu şəkildə təqdim edilə bilər? Belə yeməkləri dadmaq həm münasib qiymətə başa gəlir, həm də etnik mətbəxlərin turistlərə tanıdılması üçün fürsət yaradır. Sumqayıt Şəhər icra hakimiyyətindən isə bildirildi ki, son illər Sumqayıt şəhərində turizm potensialını artırmaq məqsədilə bir çox yeniliklər həyata keçirilib: “Xüsusilə, 146 hektar ərazidə salınmış yeni bulvar və müasir, yaşıl parklar şəhərimizin cəlbediciliyini daha da ön plana çıxarır. Sumqayıtın turizm cəhətdən daha da cəlbedici olması üçün müxtəlif tədbirlər görülür və turizm mütəxəssisləri ilə müzakirələr aparılır. Şəhərimizin turizm potensialını daha da artırmaq məqsədilə bu kimi yenilikçi ideyalar gələcəkdə müzakirə oluna bilər.”
Xədicə Səxavət,
Vüsal Qəmbərov,
APA TV