“Meyvəni bağda bütöv şəkildə yeşiyə qoyuruq, bazara cem kimi çatır”
Qubada 6 kəndi birləşdirən avtomobil yolunun əsaslı təmirə ehtiyacı var. 23 km-lik Talabıqışlaq-Talabı-Töhmər avtomobil yolunun Caqacuq, Küçeyi və Xaroşa kəndlərindən keçən hissəsindən 5 min nəfərdən çox əhali istifadə edir. Yolun bir hissəsi illər əvvəl asfaltlansa da hazırda yararsız hala düşüb. Sakinlər bildirir ki, yayda toz-duman, qışda palçıqlı gölməçələr gediş-gəlişə mane olur. Min bir əziyyətlə əkib-becərdikləri məhsulu kənddən bazarlara kimi sağ-salamat apara bilmirlər. Sakinlər bildirir ki, meyvəni bağda bütöv şəkildə yeşiyə qoyurlar, bazara cem kimi çatır. Yolda hərəkət edən nəqliyyat vasitələri tez-tez sıradan çıxdığından sürücülər əlavə xərcə düşürlər. Sakinlərin şikayəti ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi bildirdi ki, Talabıqışlaq-Talabı-Töhmər avtomobil yolunun inşası dövlət proqramına salınıb və maliyyə ayrılması gözlənilir. İndi sakinlər ümidlə yolun təmir olunacağı, tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi rahat sağlam şəkildə bazarlara çatdıra biləcəkləri günü gözləyirlər.
Cəfər Talıb, APA TV, Quba.