Moskvada və Fransada mükafat alan Qazyan narı-Nar ilk dəfə Ucarda əkilib
Azərbaycanda nar deyəndə Göyçay rayonu yada düşsə də ən dadlı nar Ucarda yetişir. Bunu biz yox, Ucarlılar deyir. Onlar inanır ki, aran bölgəsində nar ilk dəfə məhz Ucarda, daha dəqiq desək Ucarın Qazyan kəndində yetişdirilib. Bu rayonda kəndlərin demək olar ki, bütün fərdi təsərrüfatlarında nar ağacına rast gəlmək mümkündür. Çünki Ucar rayonunun torpaq sahələrinin əsas hissəsi şoran olduğundan daha çox nar bitkisinin əkilib-becərilməsinə üstünlük verilir. Sakinlər deyir ki, Qazyan narı vaxtıilə Moskvada keçirilən nar sərgisində fəxri mükafatla və Fransada qızıl medalla təltif olunub. Təsərrüfat sahiblərinin sözlərinə görə, illər öncə rayonda hektarlarla nar bağları da mövcud olub. O vaxtlarda şəxsi istifadədən başqa narın satışından da kifayət qədər gəlir əldə ediblər. Ancaq sonralar rayon ərazisindəki torpaqlarda şoranlaşma artdığından nar ağaclarının çoxu quruyub. Narçılığa olan marağın azalmasının səbəblərindən biri də narın çox ucuz qiymətə satılması olub. Sakinlər deyir ki, əslində məşhur olan Qazyan narıdır, amma vaxıilə bu kənd Göyçay qəzasının bir mahalı olub. Bu səbəbdən də Qazyan narı Göyçayın adı ilə bağlanıb. Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkilik Sektorunun müdiri Şahsoltan İbrahimov rayon üzrə vətəndaşlara məxsus 1944 hektar nar bağının mövcud olduğunu deyir. Qeyd edək ki, hazırda narın ən çox əkildiyi rayonlar Göyçay, Kürdəmir, Ağsu, Ucar, Saatlı və Sabirabad rayonları hesab edilir.
Zahid Abışov, Devran Əsgərov, APA TV