Naxçıvanda indi bu yeməyin fəslidir – Naxçıvan qovurması belə hazırlanır
Naxçıvanın bütün rayonlarında, kəndlərində ilin bu fəslində qışa hazırlıq məqsədilə qovurma hazırlanır. Bu yemək muxtar respublika mətbəxinin ən qədim, ən zəngin yeməklərindən hesab olunur. Muxtar respublikanın regionlarında qovurma müxtəlif üsullarla hazırlanır. Şahbuz rayonunda da hazırlanan qovurma dadı və müxtəlifliyi ilə seçilir. Rayonun Ağbulaq kənd sakini Həcər Hüseynova deyir ki, təndirdə bişirilən qovurmanın dadını nə qazda, nə də közdə bişən qovurma verə bilməz. Qovurma qoyan şəxs büdcəsinə uyğun olaraq iribuynuzlu və ya xırdabuynuzlu heyvan ətindən istifadə edə bilər. Müsahibimiz deyir ki, əgər dadlı qovurma yemək istəyirsənsə, quzu ətindən istifadə etməlisən. Əti yaxşıca qaynadıb, sonra quyruq yağında yaxşıca qızartmaq lazımdır. 3-4 saat davam edən prosesdən sonra qovurma artıq hazır olur. Son olaraq yağda qovurulan qovurma qaba yığılaraq süzülür və qışda bir çox yeməklərdə istifadə olunur. Qovurmanın suyu – təngov da Naxçıvanda süfrələrin əvəzedilməz nemətidir.
Ceyhun Məmmədov, Əli Xudiyev, APATV