Naxçıvanda sakinlərə kompensasiya olaraq verilən torpaq sahələri onları ikiqat ziyana saldı

Bura Kəngərli rayon, Qıvraq qəsəbəsidir və gördüyünüz bu boş ərazi 7 nəfərə dövlət tərəfindən kompensasiya kimi verilmiş torpaq sahəsidir. Burada tikinti aparmaq üçün aidiyyəti qurumlar tərəfindən sənədlərlə təmin edilən vətəndaşlar özlərinə məxsus olan ərazidə tikinti apara bilmirlər. Onlara verilən torpaq sahəsinə tikdikləri obyektlər yaxınlıqdakı hərbi hissə tərəfindən tökülür. Vətəndaşlar bildirir ki, özlərinə məxsus obyektləri 2007-ci ildə, Vasif Talıbov rəhbərliyi zamanında sökülüb. 2023-cü ildə isə muxtar respublika rəhbərliyinin göstərişi əsasında onlara kompensasiya kimi yeni torpaq sahələri verilib. Yeni torpaq sahəsini qanuniləşdirmək və yenidən tikinti işlərinə başlamaq isə onlara əlavə xərclər bahasına başa gəlib. Məsələ ilə bağlı Kəngərli rayon icra hakimiyyətinin də mövqeyini öyrəndik. Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Həsənzadə bildirdi ki, vətəndaşlara tikinti üçün icazə verilib. Yeni torpaq sahəsinin verilməsi xəbərini eşidən sakinlərinsə qorxusu əlavə xərcə düşmək və yeni veriləcək torpaqların qəsəbənin kənarında olması ehtimalıdır.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv