Naxçıvanın bu kəndi niyə Şeytanabad kimi tanınır?

 

Qəribə abu-havası, mistik görüntüsü ilə diqqət çəkən bu kənd Babək rayonunda, Cəhriçayın sahilində, dağətəyi ərazidə yerləşir. İddialara görə, kəndin adı bir zamanlar Şeytanabad olub. Lakin Sovet hakimiyyəti dövründə dəyişdirilərək Gülşənabad edilib. Dəyişikliyə səbəb kəndin adının senzuraya uğraması olub. Rəvayətə görə, bunun səbəbi sakinlərin bir-birləri ilə yola getməməsi olub. Sakinlər isə kəndin adının heç vaxt rəsmi şəkildə Şeytanabad olmadığını, bunun ləqəb olduğunu deyirlər. Kənd sakini Məmməd kişi deyir ki, kəndin belə tanınması həm də 37-ci ildə baş verən repressiyalarla bağlıdır. Buraya insanların köçü XX əsrin əvvəllərinə təsadüf edir. Kəndin Gülşənabad adlandırılması isə buranın vaxtıilə çox sulu, güllük, çəmənlik bir yer olması ilə bağlıdır. Kəndin icra nümayəndəliyindən də bildirildi ki, XX əsrin əvvəllərində yaradılan kəndin tarixi adı Gülşənabaddır: “Yüksəklikdən baxarkən kənd güllü, çiçəkli görünüb və bu ad da oradan yaranıb. Kəndin adı sənədlərdə də bu adla qeyd edilib” – deyə, məlumatda bildirilib. Qeyd edək ki, kəndin Şeytanabad kimi tanınması zaman-zaman böyük mübahisələrə də səbəb olub.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv