Naxçıvanın ən böyük bazarında sahibkarlar satış etməkdən imtina etdi

 

Bu gün Naxçıvanın ən böyük bazarı, “57 Bazarı” kimi tanınan "Bazar MMC"-də sahibkarlar etiraz aksiyası keçirib. Onlar bazara gəlsələr də mağazalarının qapılarını açmayıblar. Buna səbəb isə sahibkarlar bazar rəhbərliyi tərəfindən yer pullarının birdən-birə qaldırılmasını göstəriblər. Bazarda çalışan 500-ə yaxın sahibkar bildirib ki, indiyə kimi onlar ümumi olaraq 300 manat ödəyiblər. Bunun içərisinə onların vergi və digər bütün kommunal ödənişləri daxil olub. İndi isə bazar rəhbərliyi 300 manatın bazar rəhbərliyinə tam ödənilməsini, 105 manatlıq ödənişlərin isə sahibkarlar tərəfindən ödənilməsini tələb edir. Bazarda çalışanlar isə həm bazara, həm də icarə götürdükləri yerə görə pul ödəyirlər. Məsələ ilə bağlı bazar rəhbərliyi bəzi sahibkarlarla görüş keçirib. Lakin razılıq əldə edilmədiyi üçün sahibkarlar məsələ həllini tapmayınca, mağazalarını açmayacaqlarını bildiriblər. Məsələ ilə bağlı bazar rəhbərliyi bildirdi ki, sahibkar və fiziki şəxslərlə yenidən danışılacaq. Problemlə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən isə bildirildi ki, məsələnin onlarla heç bir əlaqəsi yoxdur və problem ticarət mərkəzinə aiddir.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv