Nazir minaya düşən FHN əməkdaşını mükafatlandırdı
16 dekabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib. Əvvəlcə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub. Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən iclas Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə, əvvəlcə, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar hazırladığı “Heydər Əliyev və əhalinin təhlükəsizliyi” mövzusunda film nümayiş olunub. Tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov 2023-cü ilin - Azərbaycan xalqının böyük ehtiram və fəxarət hissi ilə qeyd etdiyi “Heydər Əliyev İli”nin tariximizə taleyüklü əhəmiyyətli hadisələrlə - möhtəşəm uğurlar, hərbi zəfərlər və strateji hədəflərin reallaşması ilə həkk olunduğunu deyib. 2020-ci ildə Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması və parlaq Zəfər qazanılmasını dövlətçilik tariximizin ən mühüm hadisəsi kimi qiymətləndirən nazir Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu il sentyabrın 19-da keçirilən və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpasını qürur hissi ilə xatırladıb. Nazir vurğulayıb ki, bugünkü Azərbaycanın tarixi nailiyyətlərinin möhkəm təməlləri məhz 1993-2003-cü illərdə qoyuldu. Müdrik uzaqgörənliyi, zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və sonsuz Vətən sevgisi sayəsində ölkəmizi zamanın çox keşməkeşli sınaqlarından uğurla çıxaran Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlərə imza atır. Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin cari ildə ölkə başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib. İşğaldan azad olunmuş bölgələrdə əhalinin və ərazilərin təhlükəsizliyinin, insanların həyat fəaliyyətinin təmin edilməsi sahəsində aidiyyəti üzrə müvafiq tədbirlərin davam etdirildiyini bildirib. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz davam etdirilir. Bu işlərdə ölkə başçısının diqqət və qayğısı sayəsində alınmış ən müasir minatəmizləyən robotlar da tətbiq olunur. İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi daim nəzarətdə saxlanılıb, baş verən yanğınların operativ söndürülməsi təmin edilib. Nazirliyin nəzarət qurumları tərəfindən ərazilərdə aparılan yenidənqurma layihələri ilə əlaqədar müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Çıxışının sonunda nazir Kəmaləddin Heydərov əminliklə bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarından güc alan, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısını gündəlik fəaliyyətlərində yaxından hiss edən Fövqəladə Hallar Nazirliyinin kollektivi Azərbaycan vətəndaşlarının dincliyinin, rahatlığının və təhlükəsizliyinin qoruması istiqamətində əməli fəaliyyətini bundan sonra da şərəflə davam etdirəcək. Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.