Niyə anemiyaya daha çox qadınlarda rast gəlinir?

Anemiya vahid qan həcmindəki eritrositlərin və hemoqlobin səviyyəsinin azalmasıdır. Xəstəlik müxtəlif səbəblərdən yarana bilər. Bunlara qidalanma ilə bağlı, mədə-bağırsağın xroniki xəstəlikləri zamanı sorulmanın pozulması, müəyyən dövrlərdə dəmirə qarşı tələbatın artması, xronik qanitirmə və s. kimi səbəblər aiddir. Anemiya kişilərə nisbətən qadınlar arasında daha çox özünü göstərir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycanda 15-49 yaş arası qadınların 35 faizindən çoxunda anemiyaya rast gəlinir. Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən son məlumatlara əsasən verilən açıqlamada bildirilib ki, Azərbaycanda anemiya diaqnozu ilə ilkin qeydiyyata alınan xəstələrin sayı 46 mindən çox olub. Həmin xəstələrin çox hissəsini isə qadınlar təşkil edir. Bəs anemiyanın kişilərə nisbətən daha çox qadınlarda müşahidə olunmasının səbəbi nədir? Hemotoloq Nərmin Həsənova deyir ki, qadınlarda anemiyaya daha çox rast gəlinməsi onların orqanizmi ilə bağlıdır. Nərmin Həsənovanın sözlərinə görə, xəstəlik ilk olaraq özünü halsızlıq, təngnəfəslik kimi əlamətlərlərlə göstərir, vaxtında müalicə olunmasa, ağırlaşma halları da baş verə bilər. Qeyd edək ki, hazırda dünya əhalisinin 30 faizi anemiyadan əziyyət çəkir.

ORXAN ASLAN ELVİN MURADOV APA TV

Müəllif | Apa.Tv
Apa.tv