O 30 il əvvəl I Qarabağ döyüşünə könüllü qatılmışdı, amma adı uzun illər fərarilər sırasında qaldı
Hacıqabul rayonunun Nəvahi kənd sakini Bahar İbrahimova 30 il əvvəl itkin düşən, uzun müddət adı fərrari kimi çəkilən qardaşını axtarır. Qardaşı Vilayət İbrahimov 1992-ci ilin iyunun 20-də Əli-Bayramlı - indiki Şirvan şəhər hərbi komissarlığından əsgəri xidmətə çağırılıb. Hərbi xidmətə yararlı olmasa da Bakı şəhərində “N” saylı hərbi hissədə xidmət göstərib. Bir müddət sonra isə ailəsi onun qaçdığı xəbərini alıb. İcazəsiz hərbi hissədən getdiyi üçün . Vilayət İbrahimovu fərari kimi qeydə alıblar. Amma ailəsinin vaxtı ilə əldə etdikləri məlumatlara əsasən əslində o, Tərtər bölgəsində vuruşub və itkin düşüb. Ya da həlak olub. Bahar xanım deyir ki, qardaşının evdə Qarabağa getmək istədiyini bildirdiyi məktubları da olub. Vilayət İbrahimovun yaxınları onu axtarmaq üçün əsgər yoldaşları ilə də görüşüblər. Onlar isə Vilayət İbrahimov barədə danışmaqdan imtina ediblər. Müsahibimiz bildirir ki , qardaşı - İbrahimov Vilayət Həsənbala oğlu Birinci Qarabağ döyüşünə könüllü yollansa da, 2007-ci ilə qədər adı fərarilər sırasında olub. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət etdik. Müraciətimizə cavab olaraq komissiyanın işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirdi ki, Vilayət İbrahimovun qeydiyyata alınmasının 2007-ci ildə həyata keçirilməsinə səbəb həmin dövrdə itkin düşmə faktı ilə bağlı nə ailəsi tərəfindən, nə də aidiyyəti qurumlar tərəfindən dövlət komissiyasına müvafiq məlumatın daxil olmamasıdır. O həmçinin bildirib ki, Vilayət İbrahimovun axtarışı davam etdirilir. Qeyd edək ki, İbrahimov Vilayət Həsənbala oğlu 1974-cü ilin fevralın 25-də Hacıqabul rayonunun Nəvahi kəndində anadan olub. Gözündə problemi olmasına baxmayaraq həkim kağızını cırıb və könüllü cəbhəyə yollanıb. 30 il ərzində oğul həsrəti çəkən anası Şəfiqə xanım 3 ay öncə rəhmətə gedib. İndi Vilayət İbrahimovun bacıları qardaşlarının təmiz adını qaytarmaq üçün onun şəhid xəbərini almağa da hazırdırlar. Əlibəy Zeynallı Elçin Həsənov