”Obşijitellərdə qalmaqdan ömrümüz çürümüşdü” - Ağalıdan REPORTAJ
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərin bərpasına “böyük qayıdış” proqramı ilə start verdi. Minalardan təmizlənən torpaqlarda yollar salınır, kommunikasiya xətləri çəkilir, beynəlxalq hava limanı inşa edilir və Birinci Qarabağ müharibəsi zamanı öz dədə baba torpaqlarından didərgin düşən soydaşlarımızın geri qayıtması üçün “ağıllı kəndlər” inşa olunur. Bu gün Zəngilanın Ağalı kəndinə qaydışın bir ili tamam olur. Işğaldan azad olunan torpaqlarda bərpasına start verilən ilk yaşayış məntəqəsi “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. Kənd qısa müddətdə minadan təmizlənən 110 hektardan çox ərazidə salınıb. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş fərdi ekoloji evlər, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası ötən ilin bu günündə istifadəyə verilib. Seyfəli baba ömrünün ahıl yaşında kəndinə qaydıb. Vaxtilə at oynatdığı torpaqları indi əlində əsa ilə dolaşsa da, kəndini gördüyü üçün xoşbəxtdir. Ağalı kəndində hər bir evin 12 sot həyətyanı torpaq sahəsi var. Seyfəli baba 51 illik ömür–gün yoldaşı Səyyarə nənə ilə öz torpağında bostan-tərəvəz bitkiləri əkib. Araz çayından çəkilən su ilə suvarılan bostanın dadının əvəzsiz olduğunu deyir. Ağalıda yaşayanların hamısı eyni imtiyazlara sahibdir. Iş qabliyyəti olan şəxslərin hamısı işlə təmin olunub. Kimisi ixtisası üzrə dövlət müəssiələrində, kimisi də özünüməşqulluq proqramı çərçivəsində avadanlıqlarla təmin olunub. Eyni zamanda işıq, su və rabitə pulu ödəmirlər. Uzun illərdən sonra azadlığa çıxan kənddə 86 ailədə 420 nəfər sakin yaşayır. Indi onlar digər həmkəndlilərinin və eyni zamanda qonşu kəndlərin sakinlərinin də geri qaydacaqları günü gözləyirlər. Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV – Zəngilan