Onlar ömürlərinin yarısını çirkab içində, yolsuz, məktəbsiz, susuz keçiriblər

 

Bəli, su yox, yol yox, məktəb yox, kanalizasiyanı isə şambolar əvəz edir. Bura Sumqayıtın Yaşma Bağları yaşayış massividir. Sakinlərin özləri demiş, burada hər cür problem var. Çünki onlar bu ərazidə sənədsiz yaşayırlar. Əgər buna yaşamaq demək olarsa. Allahın ümidinə buraxılan 6 minə yaxın sakin içməli su əvəzinə texniki sudan istifadə edir, kanalizasiya əvəzinə qazdıqları quyuları isə hər dəfə 60-120 manat xərcləyib təmizlətdirirlər. Pulu olmayanlar isə bu çirkabı boş ərazilərə axıdır. Bu isə antisanitar vəziyyət yaradır. Sakinlərin içməli su problemi ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Yaşma bağlar massivi onların xidməti ərazilərinə daxil deyil və yaxın 1 il müddətində də ərazinin içməli su ilə təmin olunması planda yoxdur. İçməli su əvəzində texniki sudan istifadə edilən yaşayış massivinin problemini araşdırmaq üçün meliorasiya və su təsərrüfatı idarəsi ilə də əlaqə saxladıq. Xızı Suvarma Sistemləri İdarəsinin baş mütəxəssisi Şıxəliyev Cavid sorğumuza cavab olaraq bildirdi ki, ərazi suvarma suyu ilə təmin olunur. Ərazidə hökm sürən su-kanalizasiya və digər problemlərlə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirildi ki, qeyd olunan ərazi bağçılıq təsərrüfatı üçün nəzərdə tutulduğu üçün burada müəyyən problemlər var. Qurum sözçüsü Eyvaz Qocayev qeyd edib ki, problemlərin həlli ilə bağlı Sumqayıt İcra hakimiyyəti tərəfindən artıq aidiyyəti üzrə müraciət olunub. Sakinlərin sözügedən ərazidə qanunsuz evlər tikməsi və qeydiyyatsız şəkildə yaşamalarının hansı halda, kimin icazəsi ilə həyata keçirilmiş olması ilə bağlı suallarımıza cavab olaraq isə qurumun sözçüsü bildirdi ki, bu ərazilər sakinlərə işlədikləri qurumlar və ya zavodlar tərəfindən bağ sahəsi kimi bölünüb paylanılıb. O bildirib ki, evlərin sənədləşməsi ilə bağlı bağ sahəsini sakinlərə verən qurumlar özləri siyahı hazırlayıb dövlət reystir xidmətinə təqdim edir. Ərazidə bağ təsərrüfatı olan sakinlər onlara torpaq sahəsini verən qurumlara müraciət edərək də problemin həllini tezləşdirə bilərlər. Sosioloq Üzeyir Şəfiyev isə bildirir ki, bu evlərin sənədləşdirilməsində dövlət qurumları maraqlı olmalıdır. Çünki sənədsiz hər evin vergilərdən kənarda qalması maliyyə itkisinə səbəb olur. Sosioloq həmçinin bildirib ki, monitorinqlər aparılmalıdır. Hansı rayonda, hansı ərazidə qanunsuz tikililər çoxdursa həmin ərazilərə cavabdeh icra strukturları bununla bağlı məsuliyyət daşımalıdır və bu prosesin qarşısı alınmalıdır.

Xədicə Səxavət, Əli Əliyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv