Onlar yaşadıqları kəndin adını səsləndirməyə utanırlar
Azərbaycanın bütün bölgələrində qəribə və gülməli səslənən toponimlər mövcuddur. O cümlədən Azərbaycanın şimal-qərb bölgəsinin Qax rayonu ərazisində artıq yüz illərdir ki, qəribə səslənən kənd adları mövcuddur. Bu kəndlərdən biri də Qarabaldır kəndidir. Qarabaldır kəndi Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun sol hissəsində yerləşir. Hazırda kənddə 400-dən yuxarı sakin yaşayır. Qarabaldır sakinlərini yaşadıqları kəndin adını ürəklə səsləndirə bilmirlər. Çünki adı eşidən hər kəsin adına ilk olaraq insan əzası gəlir. Məcbur qalıb hər gələn qonağa, hər bu adı eşidənə mənasını izah etməli olurlar. Kənd ziyalısı Əhmədiyə Əliyev deyir ki, kəndin adındakı "baldır" sözü ilk səsləndiyində insan əzasını xatırlatsa da, onun insanın bədən üzvü ilə heç bir əlaqəsi yoxdur. Qax rayonunda mövcud olan Qarabaldır kəndinin sakinlərinin 18-ci əsrin əvvəllərində Oğuz rayonunun Qarabaldır kəndindən köç etdiyi ehtimalı da var. Sakinlər inanır ki, bu kəndin camaatı Qarabağ ərazisindən köçüb gəlib. Ancaq toponimçi alimlər bu kəndin adının mənasının tam başqa olduğunu bildirirlər. Məlumata görə, Qarabaldır sözü "böyük çıxıntı" deməkdir. Sözün tərkibindəki qara-“böyük”, baldır isə “çıxıntı” mənasında işlənir. Təbii ki, adların mənalarının gülməli, qəribə səslənməsində nəsildən-nəslə ötürüldükcə uğradığı deformasiyaların, bəzənsə onlara naşı əlin gəzdirilməsinin az rolu olmayıb. Amma bu adlar əski türklərin tarixinin araşdırılması üçün yaxşı örnəklər və ipucları verir.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV