Ordubadın meyvəli aşı belə hazırlanır – Min dərdin dərmanı

Ordubad rayonunun kəndlərində hər bir evdə qışa saxlamaq üçün əriştə kəsilməsi bir ənənə halını alıb. Elə Dırnıs kəndində olduğu kimi. Bu kəndin sakinləri adətən qış azuqələrini payız fəslindən hazırlamağa başlayırlar. Əriştə yeməyi isə onların ən sevilən qış yeməklərindən biridir. Bu yeməyi bişirmək üçün hələ payız aylarında xəmir kündələr halına salınır, oxlovla nazik yuxa yayılır və kəsilir. Kəsilmiş əriştələr həyətdə sərilərək qurudulur. Əriştə aşına, ordubadlıların dili ilə desək meyvəli aşa dad verən isə Ordubada xas olan bir çox qurudulmuş meyvələr, pencərlər və qovurmadır. Bütün ərzaqlar qaynadıqdan sonra isə yeməyimizin əriştəsini əlavə edirik. Budur, yeməyimiz bir saat ocaqda qaynadıqdan sonra hazır olur. Nuş olsun. Qeyd edək ki, Ordubadın əksər evlərində əriştəni evdə xəstə olarkən daha çox bişirirlər. Tərkibində bir çox təbii nemətlər, otlar olan bu yemək bədənə istilik gətirir və tərləməyə kömək edir. Dırnıs sakinləri bu yeməyin yanından heç vaxt nehrə yağı, şor və qozu əksik etmirlər.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv