Ordubadın yaşlı insanlar yaşayan kəndi – Bu kəndə göydən daş düşüb

Zəngəzur silsiləsinin ətəyində, başı qarlı dağların əhatəsində, Gilançay və Nəsrivaz çaylarının tən ortasında yerləşən Bist kəndi Ordubad rayonunun ən dilbər guşələrindən biridir. Göz oxşayan təbiəti, qonaqpərvər sakinləri ilə seçilən bu kənd rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında yerləşir. Zəhmətkeş və torpağa bağlı insanların yaşadığı Bist həm də qədim tarixə malikdir. Sakinləri deyir ki, Bistin adı, bu kəndin nə qədər önəmli, strateji bir bölgədə yerləşməsindən irəli gəlir. Kəndin ərəb və fars dillərindən tərcümədə fərqli mənaları var. Eyni zamanda, bu kəndin yolundan Osmanlı imperiyası və Səfəvilər dövründə daha çox istifadə olunub. Kəndin dar, həmçinin, qəmbər düzülmüş yolları İçəri şəhəri xatırladır. Sakinlər deyir ki, qədim zamanlarda buradan məhz səyyahlar, ticarətçilər istifadə edib. Bistin digər maraqlı yönü, kəndin ətrafında 7 böyük dağın olmasıdır. Məhz buna görə, yerli sakinlər Bisti adında olduğu kimi "Bala İstanbul" adlandırırlar. Daha çox yaşlı insanların yaşadığı bu kənd öz inancları ilə seçilir. Kəndin ən yaşlı sakinləri isə bu nənələrdir. Onlar demək olar ki, ilin bütün fəsillərində burada oturur, keçmişi vərəqləyirlər. Sakinlər deyir ki, qədim zamanlarda kəndə göydən daş düşüb və o hələ də qalmaqdadır. İndi də insanlar bu daşın ətrafında şam yandırırlar. XX əsrin əvvəllərində baş verən zəlzələ isə kənddə bir çox tarixi evlərin dağılmasına səbəb olub. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv