Otellər bayramı fürsət bilib cibə girirlər - APA TV-ARAŞDIRMA

 

Artıq yeni ilə sayılı günlər qalıb. 2024-cü ili bəziləri ölkə xaricində, bəziləri isə rayonlarda qeyd etməyi düşünür. Bayram və istirahət günlərində ənənəvi olaraq otel xidmətlərinə tələbat artır. Belə olduqdada süni qiymət artımının baş verməsi qaçılmazdır. Əvvəlcə Bakıdakı bir neçə otellə əlaqə saxladıq. 2 nəfərlik paket şəklində təklif olunan qiymət 2200 manatdan başlayır. Yerlər də əvvəlcədən bron edilib. Regionlardakı hotellər də qiymətlərini artırıb. Bir neçə otellə əlaqə saxladıqda bunun şahidi olduq, ceyran belinə qalxan qiymətlər təklif etdilər. Bayramdan əvvəlki günlər üçün 2 nəfərlik paket qiymət 350-500 manata idisə bayram günləri üçün 2 nəfərlik qiymət 1500 manatdan başlayır. Bu qiymətə hoteldə 1 gecə qalmaq və səhər yeməyi daxildir. Biz bunu 3 və ya 4 nəfərlik paketə vurub hesablasaq, gör hara çıxır?! Qaz vurub qazan dolduranların təyin etdikləri dodaquçuqladan qiymətlər Şirvan bölgəsi üçün də xarakterikdir. Kinq suit tipli otaqların hamısı əvvəlcədən bron edilib. Bu da 1 gün üçün 3500 manatdan başlayır. Amma bura bayram tətilindən sonra gələsi olsanız 1 gün üçün cəmi 350-400 manat ödəməli olacaqsınız. Bu tendensiyanı normal hesab etməyənlər var. Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndinin fikrincə otel fəaliyyətləri əhalinin bütün təbəqələri üçün əlçatan olmalıdır. Qiymət siyasətinin dəyişməsi üçün rəqabət mühitinin artmasını vacib sayan müshibimiz həmçinin bildirdi ki, rəqabətin artması üçün Azərbaycanda hotel çatışmazlığı problemi aradan qaldırılmalı, yeni hotellər tikilməlidir. Bu həm də otellərin çətin durumu ilə əlaqələndirilir. İqtisadçı ekpsert Xalid Kərimlinin fikrincə otellər adi günlərdə sabit xərclərini qarşılaya bilmədikləri üçün ziyanla fəaliyyət göstərirlər. Bayram günlərində otel qiymətlərində artım bununla bağlıdır. Əksər otellər bayram günlərini fürsət bilib, kimlərinsə “cibinə girmək”lə planlarını doldururlar. Belə çıxır ki, özlərinin qiymət siyasətində xarici ölkələrdəki təcrübədən yararlanmayanlar, süni qiymət artımına yol verməklə bəzi insanlara “otur qaxıl evində, ayağını da yorğanına görə uzat” deyirlər. Halbuki,o ayağını yorğanına görə uzatsa, ölkədaxilidəki otelə verdiyi bir gecəlik pula, istənilən xarici ölkəyə səyahət etməklə dincəlmə imkanına malik olar. Necə deyərlər həm ziyarət, həm də ticarət edər... AYTƏN SAKİTQIZI APA TV

Müəllif | Apa.Tv
Apa.tv