Övladlarına toy etmək üçün Rusiyadan gəlmişdilər, evdə ölü tapıldılar
Rusiyadan Lənkərana qonaq gələn ər və arvadın meyiti tapılıb. Hadisə bu gün Lənkəran rayonunun Şilim kəndində baş verib. Rusiya vətəndaşları olan 50 yaşlı Qalib Bağırov və həyat yoldaşı 45 yaşlı Nəfisə Bağırovanın yaşadıqları evdə meyitləri tapılıb. Onların 3 gün bundan əvvəl Lənkərana nəvələrinin xeyir işi üçün gəldikləri bildirilir. Şənliyə hazırlıq işləri görmək üçün ailə bu səhər alış-verişə getməli olub. Qohumları bunun üçün onların yaşadıqları ünvana getdikdə isə meyitlərini aşkarlayıblar. Məlumata görə uzun müddət evdə yaşayış olmadığı üçün sərçə tüstü bacasının içinə girərək yuva qurub. Axşam evə gələn ailə evin soyuq olduğunu görüb qaz sobasını yandırıblar. Tüstü bacası tutulduğuna görə dəm qazı evin içinə dolub və məlum hadisə baş verib. Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayvev