Payızda havanın isti keçməsinin orqanizmə hansı mənfi təsirləri var? – HƏKİM XƏBƏRDARLIQ EDİR
Bu il bəzi Avropa ölkələrində olduğu kimi, ölkəmizdə də oktyabr ayına uyğun olmayan hava şəraiti müşahidə olunur. Payızın mülayim keçməsindən bəzi insanlar məmnun olsa da, alimlər bu mövzuda optimist deyillər. Onlar havanın belə olmasının iqlim dəyişikliyindən xəbər verdiyini bildirirlər. Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyir ki, adətən payızda soyuq hava axınının ölkəyə daxil olması sentyabra nisbətən daha çox müşahidə olunur. Lakin paytaxt Bakıda son 22 gün ərzində havanın temperaturu iqlim normasından yüksək olub. Belə ki, oktyabrın 27-də temperatur 31.4 dərəcə, yəni normadan 7 dərəcə yüksək qeydə alınıb. Ekoloq Qorxmaz İbrahimli bildirir ki, son 50 ildə dünyada iqlim dəyişikliyi sürətlə getməyə başlayıb. Subtrotik iqlim qurşağında yerləşdiyinə görə ölkəmizdə də bunun təsirləri ciddi hiss olunur. İqlim dəyişikliyi və havanın mövsümə uyğun olmaması kənd təsərrüfatı ilə yanaşı, meteohəssas insanların sağlamlığına da təsirini göstərir. Həkim Arzu Hüseynova qeyd edir ki, belə hava şəraiti əsasən sağlamlığında problem olan insanlarda ciddi narahatlıqlara səbəb ola bilər. Çünki orqanizm yaydan sonra payıza hazırlaşma dövründə olur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın ilk günlərində də havanın temperaturunda ciddi dəyişiklik gözlənilmir. Oktyabr ayının tendensiyası noyabrda da davam edəcək. Havanın temperaturunun müsbət 20-24 dərəcə olacağı proqnozlaşdırılır ki, bu da noyabrın iqlim normasından yüksəkdir. ORXAN ASLAN ELVİN MURADOV APA TV