“Peyvənd vurdurmurlar deyə qızılca artıb”
Son günlərdə Azərbaycanda qızılcaya yoluxma halları kəskin artıb. Ölkə ərazisində qeydə alınmış yoluxmalar zamanı risk qrupuna aid uşaqlarda bəzən ağırlaşmaların səbəbi çox vaxt müraciətlərin gecikməsi ilə əlaqədardır. Səhiyyə Nazirliyi uşaqların peyvənd olunmasına dair valideynlərə dəfələrlə müraciət edib. Buna baxmayaraq sakinlər arasında peyvənddən imtina edənlər var. Vaksinasiyanın məcburi olmasını istəyənlər də az deyil. Bəzi uşaq həkimləri düşünür ki, effektiv müalicəsi olmayan müəyyən xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür. Vaksinasiya xüsusilə, uşaq yaşlarında vacibdir. Millət vəkili Kamilə Əliyeva da bildirir ki, son günlərdə qızılcadan həyatını itirən uşaqların əksəriyyəti peyvənd olunmayanlardır. O, həmçinin qeyd edib ki, dünya təcrübəsində peyvənd vurulması icbari olsa da, Azərbaycanda bu üsul o qədər də efektiv olmayacaq. Son zamanlar valideynlər arasında yayılmış narahatlıqlardan biri də peyvəndin əks təsirləri barədədir. Amma vaksinin yan təsirləri bir neçə gün olsa da, heç bir təhlükəsi yoxdur. Adətən peyvənddən yayınma həkimlərə və səhiyyəyə inamsızlıqdan yaranır. Çox uzağa getməyə ehtiyac yoxdur. Koronavirusa qarşı icbari vaksinasiyanın olduğu günləri xatırlasaq, görərik ki, peyvənd olmaq istəməyən və pul verib vaksindən yayınmaq istəyənlər kifayət qədər idi. Bu kimi halların yaşanmaması üçün valideynlər vaxtında maarifləndirilməli və könüllü şəkildə düzgün peyvəndlənmə aparılmalıdır. LƏMAN SALEHOVA VÜSAL BAYRAMOV APA TV