Qarabağ xalçaları yurduna qayıdış astanasında - REPORTAJ
Xalçaya təkcə məişət, bəzək vasitəsi desək yanılmış olarıq. Xalça həm də bir xalqın mədəniyyətini, yaşam tərzini, dünyagörüşünü əks etdirən incəsənət nümunəsidir.
Xalçanın həyatımızdakı önəmi o qədər böyükdür ki, xalça üzərində iməkləməyə başlayıb, xalçaya bükülüb son məzara yola salınırıq. Azərbaycan xalça nümunələrinin ən nəfisi isə öz motivlərinin bənzərsizliyi ilə seçilən Qarabağ xalçalarıdır. Qarabağ xalçalarını mədəniyyətimizə verilən ən zərif töhfə, tariximizin ilmələnmiş incisi hesab etmək olar.
Bu gördükləriniz hər ilməsində tarix daşıyan, gözəlliyi ilə dünyaya səs salan, orta əsrlərdən bəri Avropa rəssamlarının əsərlərində ilham mənbəyi olan, al-əlvan Qarabağ xalçalarıdır. Ta qədimdən Azərbaycan xalqının mədəniyyəti, Qarabağımızın ecazkar təbiəti bütün rəngləri ilə ilmə-ilmə bu xalçalar üzərinə köçürülüb.
Qarabağ xalçaçılıq məktəbi hələ XVIII əsrdə Şuşada təmərküzləşmişdi. Qarabağın dağlıq hissəsində - Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində xalçalar istehsal olunurdu.
İşğaldan sonra Qarabağ camaatının yaşadığı taledən bu xalçalara da pay düşdü. İnsanları kimi, xalçalar da didərgin düşdü, xalça sexləri dağıdıldı. “Bağçada güllər”, “Çələbi”, “Malibəyli”, “Ləmbəran” və daha neçə-neçə xalça nümunələri ermənilər tərəfindən oğurlandı.
Yüzlərlə Qarabağ xalçasının qorunub saxlandığı Milli Xalça Muzeyində qarabağlı ananın əl əməyi ilə toxuduğu xalça diqqətimizi çəkir. Üzərində “Anasından övladına əbədi yadigar” sözləri yazılıb. Amma üzərində xatirə yazısı daşıyan bu xalçanın da taleyi ağrılı olub:
Bağçada güllər” adlanan, üzərində də Azərbaycanca yazılar yazılan bu Qarabağ xalçası 2017-ci ildə Amerikada keçirilən hərracda “Antik erməni xalçası” kimi təqdim olunur. Azərbaycan vətəndaşı Elşad Tahirov bu xalçanı alır. Xalçanı aldıqdan sonra onun ilk sahibinin axtarışına başlayır. Lakin ilk sahibini tapmadıqda 2017-ci ilin 5 mayında xalçanı Azərbaycan Milli Xalça Muzeyinə təhvil verir.
Xalça Muzeyində neçə-neçə nəsillərin xatirələrini üzərində daşıyan, Qarabağın ən gözəl inciləri qorunur. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova deyir ki, hərəsinin özünə xas gözəlliyi, hərəsinin özünə xas hekayəsi var: “Bu “Xətai” xalçasıdır. “Xətai” əjdahalı xalçasının əsas ornamentləri çarpazlaşan xətlər, xətlərin içərisində nəbati ornamentlər və palmet təsvir olunur ki, bu da əbədiliyin simvoludur. Palmetin hər iki tərəfində əjdahalar təsvir olunur ki, bu da qoruyucu simvoldur”.
XVIII əsrə aid olan bu Qarabağ xalçası isə 5 il boyunca erməni kolleksionerin kolleksiyasında olub: “Bu xalça əjdahalı xalçanın bir variasiyasıdır. Daha qədimə, XVIII əsrə aiddir. Burada ancaq nəbati ornamenləri və palmetləri görə bilirik. Həmin bu xalça Aram Cereyan adlı bir erməni kolleksionerinin kolleksiyasında saxlanılırdı. 90-cı illərin sonunda hərrac evində satıldı. Və xalçanı bir italiyalı aldı. Biz bu xalçanı ondan əldə etdik”.
Qarabağ xalçalarını bu günün özündə belə böyük muzeylərin kolleksiyalarında görürük. İyunun 12-də Avstriyanın hərrac şirkətində XIX əsrin əvvəllərinə aid Qarabağ xalçası satışa çıxarılıb.
Qazandığımız qələbə təkcə yurd-yuvalarından ayrı düşən insanlara ümid olmadı, həm də aid olduqları yerdən sürgün edilən, illərlə erməni saxtakarlığına məruz qalan bu xalçalara da işıq tutdu. İndi onlar da böyük qayıdışın astanasındadırlar. Hər ilməsində Azərbaycan xalqının, Qarabağ insanın ruh dünyasını, kimliyini, tarixini və mədəniyyətini daşıyan Qarabağ xalçaları çox qısa zamanda Qarabağın təbiətindən rəng alacaq. Kim bilir, bəlkə də ən gözəl xalça muzeyi elə Şuşada yaradılacaq.
Fatma Zahidqızı,
Samir Qaragözov
APA TV