“Qarabağda tarix yazıram” deyib tarixə köçdü - REPORTAJ

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovla Azərbaycan televiziyasının operatoru Sirac Abışovun tank əleyhinə minanın partlaması nəticəsində həlak olaraq şəhidlik zirvəsinə yüksəldikləri gündən qırx gün keçir.

 

Həyat eşqi ilə dolu, işinə, peşəsinə canı-qanı ilə bağlı olan Məhərrəm 40 gündür aramızda yoxdur. Susuzluq yolunda partlayan həmin minanın səsi təkcə Azərbaycana deyil, eyni zamanda bütün dünyaya yayıldı. Böyükdən kiçiyə, siyasətçidən mədəniyyət xadiminə kimi hər kəs bu faciədən danışdı. 

 

Qırx gündür ki, Məhərrəmsiz qalan ev, həyət, küçələr... Onsuz qalan ailəsi, qohumları, dostları, yoldaşları...

 

Bacısı Sevda Əsgərova hələ də Məhərrəmin yoxluğu ilə barışa bilmir: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhidlik çox böyük zirvədir. O zirvəyə çox insan çata bilmir. Məhərrəmin necə vətənpərvər oğul olduğunu bu gün hər kəs gördü. Hamı onların vətən sevgisindən danışdı. Məhərrəm ailəmiz üçün özəl biri idi. Babamızın adını daşıyır. O da vətən yolunda, torpaq uğrunda döyüşüb, şəhid olub. Məhərrəm də onun yolunu getdi, şəhid oldu”.

 

Qohumu Elman Mustafayev üçün də onun haqqında keçmiş zamanda danışmaq çox çətindir: “Məhərrəm haqqında danışmaq çox qürurvericidir, həm də çox çətindir. O, Vətən yolunda getdi. Ailəsini, işini çox sevirdi. Acıdır ki, bu gün Məhərrəm yanımızda yoxdur. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Yerləri behişt olsun”.

 

Dostu Fikrət Bayramovun sözlərinə görə, 40 gündür Məhərrəmin yoxluğu ilə neçə-neçə insanın uşaqlıq xatirələri ağrıya çevrilib: “Məhərrəm mənim üçün dəyərli sirr dostu olub. Məktəbdə oxuduğumuz zamanlar Məhərrəmlə ən yaxın dost biz olmuşuq. Məhərrəm bu günə kimi kiçik bir canlının belə xətrinə dəyməyib. Mən evimin içini, iş otağını Məhərrəmin - dostumun şəkilləri, xatirələri ilə bəzəmişəm. O, hər zaman mənimlədir. O bu dünyaya tayı-bərabəri olmayan bir insan kimi gəlmişdi”.

 

Dostu Yasin Behbudov isə hələ də onun yoxluğuna inanmır: “Məhərrəm mənim üçün yaxın dost, qardaş idi. O, Qubadlıda olanda mənim doğulub-böyüdüyüm Cəbrayıl rayonundan kadrlar çəkib göndərdi. Mənə zarafatla dedi ki, sən gələ bilməmisən, amma mən burdayam. Zəngini hər zaman gözləyirəm. Hətta yas mərasimində bura gələndə inanmıram, elə bilirəm özü qarşılayacaq bizi”.

 

Bu gün Məhərrəmi yad edənləri ən çox təsirləndirən məqam Məhərrəmin 44 gün odun-alovun içində öz peşə fəaliyyətini həyata keçirib sağ-salamat ailəsinin yanına dönsə də, mənfur düşmənin hiyləgərcəsinə basdırdığı minaya qurban getməsidir. Həmin o minanın bir qəlpəsi də milyon-milyon ürəkləri yandırıb-yaxdı, iş başında xidməti vəzifəsini yerinə yetirən jurnalistlərin həyatdan qəfil və vaxtsız gedişi sinələri göynətdi.

 

Fotoqraf Tofiq Babayev Vətən Müharibəsi zamanı Məhərrəm İbrahimovla birlikdə müxtəlif bölgələrdə çalışıb: “44 gün müharibə günlərində biz bir yerdə Gəncədə, Goranboyda, döyüş bölgəsində olduq. Sonra ayrı komandalara bölündük. Daha sonra Məhərrəmlə işğaldan azad olunmuş ərazilərdə bərabər işlədik. Füzuli, Xocavənd, Cəbrayıl, Ağdamı qarış-qarış gəzdik. O zaman çox təhlükəli hadisələrlə qarşılaşırdıq. Amma sağ-salamat çıxırdıq. Məhərrəm peşəkar idi. Gözəl yumor hissi var idi. Lazım olanda ciddi olurdu, lazım olanda zarafat edirdi”.

 

Jurnalist İmdad Əlizadənin sözlərinə görə, Məhərrəm Azərbaycan jurnalistikasının tarixində hər zaman qalacaq: “Nə qədər ki, Azərbaycan dövləti var, nə qədər ki, bizim qələbəmiz yaşayır, Məhərrəm də hər zaman xatırlanacaq. Bütün dostları üçün ağırdır, çətindir, hər  gün xatırlayırıq, xatirələrimizi bölüşürük. Təəssüflər ki, bu gün biz onun haqqında keçmiş zamanda danışırıq. Ömrümüzün axırına kimi onu unutmayacağıq”.

 

Jurnalist Şamxal Adıgözəlov isə onunla müharibə zamanı tanış olub: “Biz Məhərrəmlə cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə çəkiliş apararkən tanış olub dostlaşdıq. Biz onu tez-tez ön cəbhədə görürdük. Son dəfə Məhərrəmlə Gəncədə və digər münaqişə bölgələrində rastlaşdıq. O, bir jurnalist kimi o qədər operativ və dəqiq işləyirdi. Hər informasiyanı dəqiq yoxlamağa çalışırdı. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Hər kəsə səbir arzu edirəm”.

 

Jurnalist Səid Qərib müharibədən sonra görüşə bilməmələrinin üzüntüsünü yaşayır: “Son dəfə şəhid olmamışdan 20 gün əvvəl zəngləşdik. Dedik, bəs nə vaxt gəlirsən? Çıx gəl, işiniz bitmədimi? Mənə bircə kəlmə dedi ki, “qardaşın tarix yazır”. Həqiqətən də Məhərrəmgil tarix yazdılar. Onlara belə şərəfli ölüm qismət oldu”.

 

Jurnalist Bəxtiyar Məmmədli də Məhərrəmin itkisini ağır yaşayanlardandır: “40 gün mənə Məhərrəmsiz çox çətin oldu. Mən həmişə deyirdim ki, mənim qardaşım yoxdur, Məhərrəm mənə qardaş oldu. O, hətta məni uşaqlarına kirvə də seçdi. O, təkcə həmkarım deyildi, həm də ailə dostum, qardaşım idi. 40 gün bizim üçün çox ağır keçdi. O gün olmadı ki, mən Məhərrəmi xatırlayıb ağlamayım. Bundan sonra da Məhərrəm bizim üçün əbədi yaşayacaq”.

 

Dostlarının da dediyi kimi, Məhərrəm öz ölümsüzlüyünü, əbədiyyətini 39 yaşında qazandı. Bundan sonra neçə-neçə illər keçsə də, bu dünyanın əbədi sakinlərindən biri olaraq qalacaq...

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş şəhid həmkarlarımız 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv