Qarabağdakı gözəgörünməz düşmənlər: necə öldürürlər? - REPORTAJ
Vətən Müharibəsində düşmənə qalib gəlib əzəli və əbədi torpaqlarımızı işğaldan azad etsək də, gözəgörünməz düşmənlə apardığımız mübarizə hələ də davam edir.
APA TV-nin məlumatına görə, düz bildiniz - söhbət mina və partlamamış hərbi sursatlardan gedir.
Ötən həftə Azərbaycan minatəmizləmə istiqamətində kifayət qədər ciddis ayıla biləcək uğur əldə etdi. Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verildi. Şübhəsiz ki, bu, Prezident İlham Əliyevin prinsipial mövqeyi və mükəmməl diplomatik bacarığı sayəsində mümkün oldu.
Qarşıda bizi işğaldan azad olunmuş digər ərazilərimizin mina xəritələrini əldə etmək kimi məsul vəzifə gözləyir. Çünki torpağın altında gizlənən bu dəmir parçaları ilk baxışdan kiçik görünsə də, partlayışdan sonra onun fəsadları olduqca böyük olur.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirir ki, müasir dünyamızda minalar piyada, tank və gəmi əleyhinə olmaqla 3 əsas qrupa bölünür. Onun sözlərinə görə, ermənilərin Qarabağda basdırdığı minalar əsasən piyada və tank əleyhinə minalardır: “Qarabağda keçmiş SSRİ istehsalı olan piyada əleyhinə minalara rast gəlinir. Bunlar əsasən PMN-1, PMN-2, OZM, bəzi hallarda MON-50, MON-100 tipli piyada əleyhinə minalardır. Bunların da hər birinin öz işə düşmə mexanizmi və partlama radiusu var. Partlama radiusu minanın növündən asılı olaraq 25 kvadrat metrdən 80-85 kvadrat metrə qədər ərazini əhatə edə bilir”.
ANAMA-nın əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanovun sözlərinə görə, OZM-72 minaları əsasən yerə basdırılır: “Ancaq işə düşən zaman yerdən təxminən 60 santimetr yuxarı tullanaraq 360 dərəcə radiusda, təxminən 30 metr məsafədə canlı qüvvələrin gözünü, üzünü və bədəninin müxtəlif hissələrini sıradan çıxara bilir. Çünki onun tərkibində təxminən 2700-ə qədər silindrik formaya salınmış qəlpələr var”.
Ekspertlər deyir ki, tank əleyhinə minanın partlaması üçün ən azı 100 kq-dan 200 kq-a qədər ağırlıq kütləsi lazım olduğu halda piyada əleyhinə mina insan toxunuşu ilə hər an partlaya bilər. Yəni 5 kq-lıq ağırlıq kütləsi bunun üçün kifayətdir. Elə tank əleyhinə minaların əksəriyyətini piyada əleyhinə minalardan fərqləndirən əsas xüsusiyyət minanı işə sala biləcək çəki, ağırlıq həddidir.
Hafiz Səfixanovun sözlərinə görə, piyadalar əleyhinə minaların partlaması üçün insan təması vacibdir: “Bəzi hallarda isə müxtəlif detonasiyalardan da bu tip minalar işə düşə bilər. Piyadalar əleyhinə minaların xəsarət yetirmə xüsusiyyəti aşağı ətrafların, ayaqların itirilməsinə gətirib çıxarır. Ətrafda olan insanları isə 25-80 kv. metrlik radiusda həmin minanın qəlpələri tutur. Qəlpələr insanın müxtəlif bədən nahiyələrinə dəyə və həmin nahiyələri zədələyə bilər. Piyadalar əleyhinə minalarda əsasən aşağı ətrafların itirilməsi xüsusiyyət var. Minaya düşüb sağ qalmış insanların hər birində baş-beyin travması olur və bu da bütün ömür boyu müalicə tələb edən xüsusiyyətdir”.
Adil Aslanov deyir ki, əslində minaların hədəfi canlı qüvvəni sıradan çıxarmaq, yaralamaq, öldürmək, həmçinin texnikaları məhv etməkdir: “Mina tərkibində partlayıcı maddə olan gövdəli bir qurğudur. Minaların işə düşmə mexanizmi öz qurbanları hesabına, onların hərəkəti hesabına baş verir. Həmçinin bu mexanizm vaxtla və elektrik üsulu ilə işə salına bilir”.
Hafiz Səfixanovun sözlərinə görə, piyada əleyhinə minanın partlayışında olduğu kimi eynən tank əleyhinə minanın partlaması nəticəsində də ağır fəsadlar əmələ gəlir. Bu zaman tankın və digər zirehli texnikanın içərisində olan şəxs baş-beyin travması, yanıq xəsarətlərinə məruz qalır. Əksər hallarda isə tank əleyhinə minaların partlaması hərbi texnikanın içindəki şəxslərin ölümü ilə nəticələnir: “Tank əleyhinə minalar adından da göründüyü kimi, qarşı tərəfin zirehli texnikasını məhv etməyə yönəlib. Elmi ədəbiyyatlarda tank əleyhinə minanın radiusu göstərilmir. Bu tip minaların əsas vəzifəsi həmin anda tankı və ya digər zirehli texnikanı sıradan çıxarmaqdır. Bizim Qarabağ bölgəsində əsas rast gəldiyimiz tank əleyhimə minalar TM-57 və TM-62 minalarıdır. Əvvəl bu minalara metal korpuslarla rast gəlirdik. Amma son vaxtlar minatəmizləmə əməliyyatlarında rastlaşdığımız TM-62 minaları plastmas korpuslu tank əleyhinə minalardır. Ayın 4-də Kəlbəcərdə jurnalistlərin ölümü ilə nəticələnən hadisəyə də plastmas korpuslu TM-62 minası səbəb oldu”.
ANAMA-nın əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanovun sözlərinə görə, qəlpələnən minalardan əsasən tələlərin qurulmasında istifadə olunur: “Qəlpələnən minalar isə tələ məftillərindən istifadə edilərək qurulur və hər hansı bir hərəkət zamanı məftilə toxunulduqda, onların sancaqları çıxır və mina işə düşür. Bu tip minalar kifayət qədər xəfif bir toxunma ilə işə düşə bilər”.
Qeyd edək ki, Azərbaycan dünyada mina və partlamamış hərbi sursatlardan əziyyət çəkən ölkələr sırasında liderlərdən biridir. Təkcə Vətən Müharibəsindən sonrakı dönəmdə 140-dan çox vətəndaşın minaya düşməsi halı qeydə alınıb və bu bədbəxt hadisələr zamanı 27 şəxs vəfat edib.
Həmidağa Məcidov,
Samir Qaragözov,
APA TV