“Qaragül” papaqlarının cib yandıran qiyməti və SƏBƏB

 

Xalqımızın tarixi keçmişini, milli irsini əks etdirən mədəniyyət nümunələrindən biri də papaqçılıq sənətidir. Bu sənət xalqımızın məişəti və mədəniyyəti ilə sıx şəkildə bağlı olub, zamanın süzgəcindən keçərək böyük bir inkişaf yolu keçib. Milli baş geyiminə hər zaman xüsusi ehtiramla yanaşılıb. Papaq ta qədimdən cəsarət, ləyaqət, şərəf rəmzi hesab olunmaqla yanaşı, həm də hörmət simvolu olub. Ta qədimdən papaqçılıqla məşğul olanların cəmiyyət arasında böyük nüfuzu, hörməti olub. Keçmişdə həm gənclər, həm də yaşlılar buxara papaqdan istifadə ediblər. Lakin zaman keçdikcə gənc nəsil belə papaqlardan uzaqlaşdı. Beləcə papaqçılıq sənəti ilə məşğul olanların sayı azaldı. 75 yaşlı Saleh İbrahimov Balaxanıda yaxşı tanınan sənətkarlardandır. O, 60 ildir ki, özünün kiçik emalatxanasında ata-babasından miras qalan papaqçılıq sənətini böyük sevgi ilə yaşadır. Əsasən buxara papaqlar tikən sənətkar deyir ki, həvəs və maraq olmasa, keyfiyyətli papaq tikmək mümkün deyil. Səliqə və rəssamlıq bacarıqları da öz yerində… Vaxtilə ölkəmizdə 650-yə yaxın papaqçı olub. Onların 250-si Şəkidə fəaliyyət göstərib. Onlara tələbat çox idi, çünki qədim dövrlərdə kişinin başında papağın olması şərt idi. Hər halda bu, papaqçıların ortaq rəyi, həm də ötən əsrin dəbi idi. Papaqların qiymətləri isə materialdan asılı olaraq dəyişir. Ən yaxşı papaqların “qaragül” cinsli quzu dərisindən hazırlandığını deyən papaqçı onu da bildirdi ki, hazırda ölkədə belə quzuların olmadığı üçün xammal kimi lazım olan dəri Orta Asiya respublikalarından, əsasən Özbəkistandan gətirilir. Bir papağın ərsəyə gəlməsi üçün bir neçə quzunun dərisi lazım olduğundan “qaragül” papaqlarının qiymətləri bahadır. Papaqçı bildirib ki, bu sənət, həm də onun ailəsinin qazanc mənbəyidir. Üç övladından birinə papaqçılığın sirlərini öyrədir. İstəyir ki, ata-babalarından yadigar qalan papaqçılıq sənəti ölməsin, davam etdirilsin.

Müəllif | Apa.Tv
Apa.tv