Qələmini silahla əvəzləyən şəhid müəllim - REPORTAJ
Vətən Müharibəsində tarix yazan igidlərdən biri də informatika müəllimi Elxan Ariz oğlu Rzayev idi.
APA TV-nin Elxan Rzayev 15 aprel 1994-cü ildə Sabirabad rayonunun Qəzli kəndində anadan olub. Qəzli kənd tam orta məktəbində və Bakı Dövlət Kompüter Kollecində təhsil alıb. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə Sumqayıt Dövlət Universitetinə daxil olsa da, İkinci Qarabağ savaşının başlanması onun yolunu universitet auditoriyasından deyil, cəbhədən salıb.
Ailə üzvləri, həmkəndliləri, müəllim yoldaşları və şagirdləri cənnətdəki ilk doğum gününü onsuz qeyd ediblər. Məzarı başında onun üçün dualar edilib, müəllimləri və müəllim yoldaşları onun haqqında xatirələrini bölüşüblər, şagirdləri müəllimlərinə həsr etdikləri şeirlərini səsləndiriblər.
Atası Ariz Rzayev Elxanla fəxr edir: “Elxan qonşu kənddə dörd il idi ki, müəllim işləyirdi. Vətən Müharibəsinin başlanması ilə əlaqədar sentyabrın 29-da ordu sıralarına çağırılıb. Elə həmin gün dərsi vardı. Müəllim kostyumunu dəyişib, hərbi formasını geyinib bu dəfə düşmənin dərsini verməyə yollandı. Cəbrayılda yaralanmasını bizə bildirmədi. Sağalıb yenidən döyüşlərə qatıldı. Qubadlıda noyabrın 1-də şəhid oldu, 2-də dəfn olundu. Nişanlı idi, iki bacının bir qardaşı idi. Əsgər yoldaşları deyirdi çox qürurlu bir övlad idi”.
Anası Gülnarə Rzayeva isə deyir ki, hər dəfə telefonla danışanda Elxan onları sakitləşdirir və ümid verirdi: “Bu gün onun doğum günüdür. Cənnətdə ilk doğum günüdür. Danışa bilmirəm. İki gündən bir danışırdıq, hər dəfə deyirdi narahat olmayın. Ancaq bir sözü vardı, deyirdi narahat olmayın, özünüzdən muğayat olun. Deyirdim, Elxan, özünü qoru. Heç nədən qorxmurdu. Həmişə məni ümidləndirirdi. Nişanlı idi, toy eləmək istəyirdik. Qismət olmadı balama”.
Şəhidin yaxınları da onunla fəxr edirlər:
- Elxan bizə bir ad vermişdi müəllim bibisi idim. İndi oldum şəhid bibisi. Mən Elxanla fəxr edirəm. Qardaşımın fəxrli balası.
- Balam bayrağı o qədər sevirdi ki, bayraqpərvər idi. Heç onda müharibə yox idi. Balam axırda da bayrağa büküldü. O qədər vətəni sevən, vətənpərvər idi, yaralandı, atasına-anasına bildirmədi. Yenə irəli getdi, yenə vətənini geri almaq istədi.
- Qardaşım vətənpərvər, mehriban idi. Həmişə onunla fəxr edəcəm.
- Qardaşım uşaqlıqdan vətənpərvər olub. Qardaşımdan nə qədər danışsam, azdır. Ondan danışdıqca, söz qurtarmaz. O, təkcə şagirdlərinə yox, düşmənə də dərs keçdi. Qələmini silahına dəyişdi. Məktəb formasını çıxarıb, hərbi formanı geyindi və düşmənə dərs keçdi. Belə bir qardaşın bacısı olmaq fəxrdir. Qardaşım həmişə vətənpərvər, bayraq sevən idi. Uşaqlığından seçilən olub. Bu gün qardaşımın ruhu şaddır. Torpaqlarımız işğaldan azad olunub. Çünki onun ən böyük arzusu torpaqlarımızın düşmən işğalından azad olunması idi.
Əsgər Elxan Rzayev noyabrın 1-də Qubadlının Çardaqlı kəndində şəhid olub, noyabrın 2-də doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.