Qızı ilə eyni gündə doğulan şəhid - REPORTAJ
Qarabağın düşmən işğalından azad edilməsi uğrunda gedən qızğın döyüşlərdə sinəsini qabağa verərək qəhrəmancasına şəhid olan Vətən oğullarından biri də gizir Pərvin Rza oğlu Məmmədovdur.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Pərvin Məmmədov 1994-cü ildə Göyçay rayonunun Yeniarx kəndində anadan olub.
Ailənin ikinci oğul övladı olan Pərvin orta məktəbi bitirdikdən sonra 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini uğurla başa vurduqdan sonra evə qayıdıb və Göyçayda çilingər işləməyə başlayıb. Lakin onun arzusu hərbidə işləmək olub.
İlk dəfə 2016-cı ildə könüllü olaraq ordu sıralarına adını yazdırır. Elə həmin ilin sentyabr ayında gizirlik kursuna çağırılır. 2017-ci ildən isə hərbidə işə başlayır. Onun ilk iş yeri Yevlax rayonundakı N saylı hərbi hissə olur. Gizir Pərvin Məmmədov hərbi döyüş maşını komandiri, bölüyün baş texniki vəzifəsində çalışır.
O, sentyabrın 27-də Vətən Müharibəsi başlayanda döyüşlərə qatılır. O, Ağdam, Tərtər, Ağdərə, Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edir. Altı gün ağır döyüşlərdə iştirak edən Pərvin Məmmədov oktyabrın 1-də gecə saatlarında Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə düşmənin açdığı snayper gülləsinə tuş gəlir. Şəhid Pərvin Məmmədov oktyabrın 2-də doğulub boya başa çatdığı Göyçayın Yeniarx kəndində torpağa tapşırılır:
Atası Rza Məmmədov deyir ki, oğlu hərbi xidməti başa vurduqdan sonra öz arzusu fəaliyyətini orduda davam etdirib: “Pərvin hərbi xidmətini başa vurandan sonra arzusu ilə yenidən hərbiyə qayıtdı. Onun uşaqlıqdan bu sahəyə böyük marağı var idi. O, sentyabrın 27-də müharibə başlayanda bizə dəqiq məlumat vermirdi, hərbi təlimlərdə olduğunu deyirdi, bizə hansı bölgədə olduğunu bildirmirdi. O, ağır döyüşlərdə iştirak edib. İlk döyüşü Ağdərə istiqamətində olub. Suqovuşanda şəhidlik zirvəsinə ucaldı. Fəxr edirəm ki, oğlum Azərbaycanın bütövlüyü, xalqımızın firavan gələcəyi uğrunda şəhid oldu. Oğlumun şəhid olduğu torpaqlar bizdədir. Çox şükür ki, torpaqları düşməndən ala bildik”.
Qeyd edək ki, martın 30-da şəhidin 27 yaşı tamam oldu. Onun azyaşlı qız övladı olan Zəhra atası ilə eyni gündə doğulub. Ailə üzvləri, qohumları və dostları Pərvinin cənnətdəki ilk ad gününü onun məzarı üstdə qeyd edib:
Həyat yoldaşı Ürfanə Məmmədova isə Pərvinin ailəcanlı biri olduğunu deyir: “Pərvin xoş xasiyyətli, ailəsinə, dostlarına sədaqətli idi. Onun arzusu bitib-tükənməz idi. Xoşbəxt ailəmiz var idi. Onun 2 qızı var. Birinin 4, o birinin 2 yaşı var. Özünün 25 yaşı olanda qızı dünyaya gəlmişdi. O sevinirdi ki, ad günündə qızının anadan olması onun üçün hədiyyədir. Onun hərbiyə marağı Aprel döyüşlərindən sonra oldu. Onun hərbiyə marağı böyük idi. Fəxri fərmanları var. Şücaətli hərbçi idi. O, sentyabrın 27-dən sonra müharibədə olduğunu bizdən gizlədirdi. Deyirdi, narahat olmayın, sakitlikdir, salamatlıqdır. Onun son telefon zəngi oktyabrın 1-də olub. Ən böyük arzusu bir evinin olması idi. Deyirdi, ailəm var, işim var, dövlətə, Vətənə xidmət edirəm. O, uşaqlarını böyüdüb yaxşı oxutmaq istəyirdi. Başım ucadır ki, həyat yoldaşım Vətən uğrunda şəhid olub, onunla həmişə fəxr edəcəm. Mən fəxr edirəm ki, Pərvinin həyat yoldaşıyam, onun qızlarının anasıyam”.
Qeyd edək ki, gizir Pərvin Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şahnəzər Bəşirov,
APA TV