“Qızım dermatoloqdu, kremləri özü hazırlayır” – Yeni fırıldaq, yoxsa nəzarətsizlik?
Sosial şəbəkələrdə evdə hazırlanmış və ya harada hazırlandığı bəlli olmayan baxım, kosmetika məhsullarının satış elanları paylaşılır. Mənşəyi bilinməyən məhsulların kifayət qədər alıcısı da var. Amma şikayətçilər də az deyil. Şikayətlər isə çox vaxt əsaslıdır. Çünki istənilən baxım məhsulu sağlamlığa təhlükə yarada bilər. Bu səbəbdən müəyyən analiz və testlərdən keçməlidir. Kustar üsulla hazırlanan kosmetika məhsullarını isə yoxlayan yoxdur. Bəs bu məhsullardan istifadə hansı fəsadlara yol aça bilər? Məsələyə nəzarətin necə həyata keçirildiyini öyrənmək üçün ilk növbədə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bizi Analitik Ekspertiza Mərkəzinə yönləndirdilər. Mərkəzdən bildirildi ki, onlar sadecə dərman preparatlarının ekspertizasını aparırlar. Növbəti əlaqə saxladımız qurum isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi oldu. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, sosial şəbəkələrdə satışı həyata keçirilən mallara, o cümlədən baxım və kosmetika məhsullarına labarator keyfiyyət nəzarətinin aparılması müvafiq qanunvericilik və əsasnamələrə uyğun olaraq səlahiyyətlərinə aid deyil. Həmçinin bildiririk ki, ətriyyat-kosmetika mallarının satışı “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarının 9-cu maddəsi ilə tənzimlənir. Son olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidmətinə məsələ ilə bağlı sorğu göndərdik. Amma sualımız hələki cavablandırılmayıb. Deyəsən əldəqayırma kosmetikanı tapmaq bizim suala cavab tapmaqdan daha asandır. Mövzuya yenidən qayıdacayıq.
LƏMAN SALEHOVA APA TV