Qlobal böhran qapıdadır-Azərbaycanlılar günəş və külək enerjisindən nə vaxt istifadə edə biləcəklər?

Qlobal böhran qapıdadır - Azərbaycanlılar günəş və külək enerjisindən nə vaxt istifadə edə biləcəklər? – APA TV Bu gün dünya gündəmində əsas məsələlərdən biri də qlobal iqlim dəyişikliyidir. Iddia olunur ki, ölkələrin enerji istehsalı planetar istiləşməyə səbəb olub. Müxtəlif beynəlxalq təşkilatlar artıq vəziyyətin katastrofik hal ala biləcəyindən ehtiyat edərək, dəyişikliklərin qarşısını almaq üçün insanların enerjiyə tələbatının təbiətə zərər vurmadan ödənilməsinin vacib olduğunu bildirirlər. Elə bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır. Alimlər çıxış yolunu yaşıl enerjiyə keçiddə görürlər. Qeyd edək ki, “yaşıl enerji” dedikdə, tükənməz olan mənbələrdən alınan və ya bərpa olunan enerji başa düşülür. Buna - günəş işığı, külək, yağış, çaylar və sairləri aiddir. Dünyada karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə Azərbaycan da öz dəstəyini göstərməkdədir. Xüsusi olaraq vurğulayaq ki, ölkəmiz karbohidrogen ehtiyatları ilə zəngin olmaqla yanaşı, ölkədə bərpa olunan enerji mənbələrindən istifadə üçün də çox böyük potensiala malikdir. Yaşıl enerji ilə qurulan iqtisadi əlaqələr “yaşıl iqtisadiyyat” adlandırılır. Bu iqtisadi əlaqə ekoloji riskləri və çatışmazlıqları azaldan vasitələrdən biri olaraq aktuallaşmaqdadır. Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. O cümlədən, karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcək. İlk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaq. Bunun əsasən Qafqazda, Mərkəzi Asiya, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi bildirilir. Maraqlıdır, karbon emissiyalarının azaldılması istiqamətində eləcə də, “yaşıl enerji”nin inkişaf etdirilməsində Azərbaycanın rolu və əhəmiyyəti necədir? Ölkəmizin bu istiqamətdə potensialı nə qədərdir? Məsələ ilə bağlı APA TV-yə açıqlama verən ekoloq Elman Cəfərli bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycan “yaşıl enerji”nin inkişafında da maraqlıdır və bu istiqamətdə addımlar atılır. O əlavə edib ki, bu il COP-29-a Azərbaycanın ev sahibliyi etməsi qlobal iqlim dəyişikliyi istiqamətində beynəlxalq çağırışlara sədaqət və bu istiqamətdə atılmış məqsədyönlü siyasətin nəticəsidir. Ekoloq vurğulayıb ki, insanların təbii resurlardan davamlı istifadə etməsi nəticəsində planet qlobal ekoloji böhranla üz-üzə qalıb. Elman Cəfərli onu da əlavə edib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələrində “yaşıl enerji”dən istifadəni qarşısına məqsəd qoyub.

Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv