Qonşuda baş verən partlayış onları evsiz qoydu – Sumqayıt
Bura keçmiş məcburi köçkünlərin yaşadığı Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən “Azkompazit” zavodunun ikimərtəbəli inzibati binasıdır. Binanın bu hala düşməsinin səbəbi 2024 –cü ilin yanvarının 15-də mənzillərdən birində baş verən partlayışdır. Partlayışdan sonra hadisə baş verən evlə yanaşı qonşu mənzillər də ziyan görüb. Kirayələrə və qohum evinə sığınmaq məcburiyyətində qalan bu sakinlər öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi İbrahim Mirzəyev bildirdi ki, Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin əməkdaşları hadisə yerində olub, qiymətləndirmələr aparılıb: “Nəzərinizə çatdırırıq ki, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən “Azkompazit” zavodunun ikimərtəbəli inzibati binasında ilkin ehtimala görə qaz sızmasından baş vermiş partlayış nəticəsində Füzuli rayonundan məcburi köçkün Soltanova Tünzalə Əfsər qızı və Cəbrayıl rayonundan məcburi köçkün Qazıyev Salman Rafiq oğlunun müvəqqəti məskunlaşma sahələrinə ziyan dəyib. Hadisədən dərhal sonra Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin əməkdaşları hadisə yerində olub, qiymətləndirmələr aparılıb. Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Araşdırmadan sonra Fövqəladə Hallar nazirliyinin verəcəyi rəy əsasında, Dövlət Komitəsi tərəfindən müvafiq tədbir görüləcək” – deyə, o əlavə edib. Xatırladaq ki, binada yaşayan 5 məcburi köçkün ailəsi müxtəlif rayonlardandır. Binadakı partlayışın qaz balonundan baş verdiyi bildirilir.
Xədicə Səxavət, Əli Əliyev, APA TV