Qubada iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf oldu

 

Quba rayonunun Xucbala kənd sakininin təsərrüfatında iribuynuzlu heyvanlar tələf olub. Kənd sakini Elnur Mirzəyev bildirib ki, təsərrüfatında olan 3 baş inək gecə naməlum səbəbdən ölüb. Təsərrüfat sahibi bildirib ki, axşam həmişə olduğu kimi heyvanlara qulluq edib, işığı söndürüb, qapını bağlayıb. Səhər tövləyə gələndə isə heyvanları ölmüş vəziyyətdə görüb. Əraziyə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəlib, heyvanların cəmdəklərindən nümunələr götürülüb. Onlar ilkin ehtimal olaraq, iribuynuzlu heyvanların elektrik cərəyanı vurması nəticəsində tələf olduğunu açıqlayıblar. Fermer isə, bunun mümkün olmadığını, gecə saatlarında tövlədə elektrik cərəyanı olmadığını qeyd edir. Heyvanların müəmmalı ölümünün dəqiq səbəbi aparılan araşdırmaların sonunda məlum olacaq. Qeyd edək ki, həmin iribuynuzlu heyvanlar fermer Elnur Mirzəyevə Dövlət Məşğulluq Xidməti tərəfindən 3 il öncə verilib. Cəfər Talıb, APA TV, Quba

Müəllif | Apa.Tv
Apa.tv