“Rayondan gələnlər bizə gülürlər” - Şəhər mərkəzindən 100 metr kənardakı yaşayış
“Rayondan gələnlər bizə gülürlər” - Şəhər mərkəzindən 100 metr kənardakı yaşayış - APA TV Sumqayıt şəhərinin "Xəzər bağları" yaşayış massivinin Murovdağ küçəsinin yolları bərbad vəziyyətdədir. Şəhərin mərkəzindən cəmi 100 metr kənarda bu küçəyə nə taksi gəlir, nə də təcili tibbi yardım gəlir. Sakinlər deyirlər ki, yayda toz-dumandan, qışda isə palçıqdan bu yollar keçilməz halda olur. Tozu-palçığı bir yana yağış suyu qrunt sularına qarışıb, dizəcən qalxanda evə bir parça çörək almaq da problem olur. Yolun vəziyyəti ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etdik. Bələdiyyənin mətbuat katibi Səbuhi Allahverdizadə Murovdağ küçəsinin yaxın zamanlarda asfaltlanacağını deyib. Ekoloqlar isə bildirir ki, belə ərazilərdə sanitar mühafizə zonalarının şərtlərinə əməl edilmədiyi üçün sakinlər vaxtaşırı kanalizasiya suları ilə bağlı çətinlik yaşayırlar. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirir ki, qrunt suları olan ərazilərdə asfaltlanma işləri aparılan zaman əraziyə mütləq mühafizəedici vasitələr çəkilməlidir Vətəndaşların kanalizasiya ilə bağlı yaşadıqları problemlərlə əlaqədar “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, gələcəkdə həmin ərazidə də problemlər həllini tapacaq. Qeyd edək ki, sözügedən küçədə 200-ə yaxın sakin yaşayır. İndiyə kimi problemlərin həll ediləcəyi ilə bağlı verilib yerinə yetirilməyən vədləri çox eşidən sakinlərin nə vaxtsa ayaqlarının quruya çıxacağına olan ümidləri hələ də ölməyib.
Xədicə Səxavət, Əli Əliyev, APA T