“Rəngli inqilab” Serbiyada hakimiyyəti devirə bilərmi?

Dekabrın 17-də Serbiyada növbədənkənar parlament və yerli seçkilər keçirilib. Aleksandar Vuçiç hakim Serb Tərəqqi Partiyasının qələbəsini elan edib. Seçkilərin nəticələri ilə razılaşmayan müxalifət paytaxt Belqradda etiraz aksiyalarına start verib. İştirakçılar özləri ilə Serbiya və Avropa İttifaqının bayraqlarını gətirib, hökumət əleyhinə şüarlar səsləndirib, administrasiyanın binasına daş atıblar. Hətta basqın cəhdi olub. Yerli mediaya açıqlama verən ölkənin müxalif partiyasının liderlərindən biri Marinika Tepiç seçkinin saxtalşdırıldığını iddia edərək aclıq aksiyası keçirdiyini bildirib. Serbiya prezidenti Aleksandar Vuçiç isə çıxışında etirazların nəticə verməyəcəyini deyib. Onun sözlərinə görə ölkədə hakimiyyət yalnız seçkilər vasitəsilə dəyişir. Dünyanın diqqəti Rusiya-Ukrayna və HƏMAS-İsrail müharibələrində cəmləşdiyi halda, balkanlarda aranın qarışması kimin maraqlarına xidmət edir? Məsələ ilə bağlı açıqlama verən deputat Elşən Musayev bildirib ki, Serbiyadakı iğtişaşlar Qərbin “rəngli inqilab” ssenarisidir və buna səbəb Vuçiç hökumətinin xarici siyasətini Qərbin diktəsi ilə qurmaqdan imtina etməsidir. O əlavə edib ki, hazırda dünyanı qarışdıran təxribatçı xətt Qərb və onun beyin mərkəzləridir. “Məlum güclərin qarşısında hansısa dövlət sınsa, əyilsə əslində, faktiki olaraq özünü əcəl hökmünü vermiş olacaq. Müstəqilliyi qorumaq və yaratmaq dövrün tələbidir. Nəinki Qərbin, hər hansısa bir gücün bu cür addımına imkan verilməməlidir. Qərb də anlamalıdır ki, müstəqil dövlətlərin ərazisində mənfur planlar, ssenarilər qurmaqla hansısa məqsədə çatmaq dövrü geridə qalıb.” Siyasi şərhçi Əziz Əlibəyli isə bildirib ki, Serbiyada baş verənlər növbəti Qərb-Rusiya mübarizəsidir. Çünki Rusiyanın müttəfiqlərini zəiflətmək Avropa və Amerikanın siyasi məqsədlərinə daxildir. “Həlledici al bundan ibarətdir ki, müxalifət Qərbdən dəstək alır və Serbiyada narıncı inqilabın reallaşdırılması prosesi gedir. Prosesin bu ölkədə aparılmasında məqsəd Rusiyanın imkanlarını məhdudlaşdırmaq və onun dayaqlarını kəsməkdir. Vuçiç xalq tərəfindən həm də dəstəklənməkdədir. Ona görə də hakimiyyət müxalifətin üzərinə gələ biləcək.” Siyasi şərhçi onu da əlavə edib ki, Serbiya Rusiyanın Avropaya çıxış və açar ölkəsidir. Onun fikrincə, Slavyan həmrəyliyi bu cəbhədə Rusiyanı qalib tərəfə çevirə bilər.

Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv