Rusiya sosial partlayışlara səbəb olacaq iqtisadi böhranın astanasındadır?–“Yanacaq qıtlığı yaranıb”
Rusiyada yanacaq qıtlığı yaranıb. Bu barədə məşhur "Politico" nəşri yazıb. Bildirilib ki, səbəb Ukraynanın Rusiyanın neft emalı müəssisələrini dron hücumları ilə sıradan çıxarmasıdır. Qeyd olunub ki, Moskva qıtlığın qarşısını almaq üçün yanacağın qiymətinin artması barədə göstəriş verib. Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun təhlilçisi İqor Yuşkov bu həftə yerli mediaya müsahibəsində qiymətlərin tezliklə aşağı düşməyəcəyini və hətta ölkənin qonşu Belarusun anbarlarında saxlanan benzini idxal etməli ola biləcəyini deyib. Ekspertlər problemin Rusiyada kənd təsərrüfatı məhsullarına da ziyan vuracağını bildirirlər. Bundan başqa, yanacaq ixracında da azalmaların müşahidə ediləcəyi ilə bağlı proqnozlar verilir. Belə ki, Qərb ölkələrinin çoxu Rusiyadan benzin və dizel kimi neft məhsulları almağı dayandırsa da, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Amerika və Şimali Afrikanın bir neçə dövləti ucuz qiymətlərdən yararlanmaq istəyir ki, həm istifadə etsinlər, həm də daha baha qiymətə satsınlar. Amma bu prosesdə də gecikmələr olacaq. Çünki, Moskva yanacaq ixracını, az qala, tarixi minimum səviyyəsinə endirib. İqtisadçılar yanacaq ixracının və istehsalının azalmasını ölkənin milli valyutası olan rubla da təsir edəcəyini bildirirlər. Qeyd olunur ki, bu da yaxın gələcəkdə artmayan maaşların fonunda rublun dəyərdən düşməsinə və ölkədə sosial partlayışlara, eləcə də hakimiyyət əleyhinə narazılıqlara gətirib çıxara bilər.
Fuad Sadıqov