Saatlıda ruhların dolandığı vahiməli təhsil ocağı - Dəhşətli mənzərə

 

Bu gördüyünüz dəhşətli kadrlar hansısa köhnə yataqxanada yox, Saatlıda fəaliyyət göstərən bölgənin ən böyük peşə liseylərindən birində çəkilib. Hazırda Saatlı Peşə liseyi adlandırılan təhsil müəssisəsi 53 il bundan əvvəl 9 saylı Saatlı orta texniki peşə məktəbi kimi fəaliyyətə başlayıb. 10 korpusdan ibarət olan və böyük ərazini əhatə edən peşə liseyinin hazırda yalnız 2 korpusu fəaliyyət göstərir. Həmin 2 korpusda da vəziyyət acınacaqlıdır. Tavan damır, istilik yox, pəncərələr sınıq-salxaq, nə vaxtsa istifadə olunan maddi-texniki baza da tamamilə dağılıb. Bir sözlə burada peşədənsə hansısa xəstəliyə yiyələnmək daha asan görünür. Qeyd edək ki, Saatlı peşə liseyi mərkəzdə yerləşir. Rayon icra hakimiyyətinin yaraşıqlı binasından 150 metrə qədər uzaqda. Elə biz də mərkəzdən çox uzağa getmədən sakinlərə mikrofon uzatdıq. Sakinlərin də ürəyi dolu idi. Ürəyimiz təhsil ocağının pəjmürdə halına yana-yana Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentliyin nümayəndəsi Nəriman Kərimli bildirdi ki, təhsil ocağının yenidən qurulması ilə bağlı müzakirələr aparılır. Qeyd edək ki, hazırda təhsil ocağında 17 ixtisas üzrə 300 tələbə peşə təhsili alır. İndi bu təhsil alanların ümid dolu gözləri dammayan yeni məktəbin, orada bəlkə də ilk dəfə tanış olacaqları yeni avadanlıqların yolunu gözləyirlər.

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv