Sabirabadda ildə bir dəfə bişirilən Novruz təamı – “Sümələk”
Novruz həm öz adət-ənənələri, həm də mətbəxi ilə zəngindir. Lakin Novruz mətbəxinin bəzi şirniyyatları artıq unudulmaq üzrədir. Onlardan biri də səməni halvasıdır. Sabirabad rayonunun Əhmədabad kəndinin sakinləri olan Axıska türkləri səməni halvasını il ərzində cəmi bir dəfə Novruz bayramı ərəfəsində bişirir. Onlar bu şirniyyata “Sümələk” deyirlər. “Sümələk” bişirmək 7-8 gündən çox çəkir. Əvvəlcə buğda hazırlanır, səməni qoyulur. Səməni 6-7 gün ərzində qaranlıq yerdə cücərdilir. Bundan sonra isə işin əsas hissəsi başlayır. Cücərən bu səməninin sümələk halvasına çevirilməsi 3 günə başa gəlir. Adətə görə ətrafda yaşayan qohum-qonşu bir həyətə cəm olur. Hərə öhdəsinə düşən miqdarda un və buğda payını verir. Qolları çırmalayıb bu halvanın hazırlanmasına başlayırlar. İş prosesinin ikinci günündə ocaq üzərinə böyük bir qazan qoyulur. Qazana yağ əlavə edilir və bu yağda ilk olaraq axıska türklərinin “bişi” adlandırdıqları yağlı çörəklər bişirilir. Daha sonra isti yağın üzərin səməninin un qarışdılmış ilk suyu əlavə edilir. Qədimdən qalan adətə görə qazana həm də kiçik ölçülü qənbər daşlar da atılır. Nəhayət, o an gəlib çatır. Sümələyimiz hazırdır və 5-6 saatlıq bir müddətdə dəmdə qalan bu ləziz təam bu gün əməyi olanlar arasında bölünəcək. “Sümələk” zəhmət çəkən pay qoyan ailələr arasndan bölündükdən sonra həmin ailələr də onu yaxınlarına paylayır. İllərdir qorunub saxlanılan Sümələk bişirmə adəti hər il ayrı evdə yerinə yetirilir. Sümələyi bişirənlər ocaq başında niyyət də edirlər. Kimin niyyəti qəbul olunursa, ocaq gələn il onun həyətində yandırılır. Onu da qeyd edək ki, cücərmiş buğda müntəzəm qəbul etdikdə, maddələr mübadiləsi, həzm yaxşılaşır, sinir əsəb sistemi qaydaya düşür. İnsanın saçları, dişləri, dırnaqları möhkəmlənir, saçları çoxalır, dərisi yaxşılaşır, cavanlaşır, görməsi itiləşir. Həyati vacib orqanlar aktivləşir.
Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV