Sabirabadın mal bazarından reportaj: “Alıcı da qiymətdən narazıdır, satıcı da”

Alan deyir heyvan bahadır, satan deyir qiymət öldürürlər. Bura Sabirabad rayonu ərazisində yerləşən heyvan bazarıdır. Bu bazarda hər həftənin cümə axşamı səhər saat 5-dən axşam saat 16-ya kimi qızğın alış-veriş gedir. Amma satıcılar qiymətlərdən də, alıcılıq qabiliyyətinin aşağı olmasından da narazıdır. Paytaxtın ət məhsullarına olan tələbatının bir qismi məhz bu bazar hesabına təmin olunur. Satıcılar gileylənir ki, indiki halda bir qəpik də qazanc yoxdur. Çünki, yerli ətlik heyvanların saxlanması onlara baha başa gəlir. Yem baha, ot baha, örüş yox, heyvanın da qiymətini öldürürlər. Heyvan almaq üçün bura paytaxtdan tutmuş yaxın rayonlara kimi hər yerdən alıcılar gəlir. Əlbəttə alıcılar ət və ət məhsullarını ucuz almaqda maraqlıdır. Bazarda bir çox satıcı təklif olunan qiymətlərin aşağı olması səbəbindən gətirdiyi malı sata bilməyib heyvanları geri qaytarırlar. Onu da qeyd edək ki, bəzi rayonlarda ətin qiymətində eniş də müşahidə olunur. Hazırda mal bazarında xırda buynuzlu heyvanlardan quzu çəkisinə görə 250 manat və yuxarı, qoyun isə yaşına və çəkisinə görə 300 və yuxarı qiymətə təklif edilir. İri buynuzlu heyvanların satışında qiymətlər çəkiyə görə dəyişir. Südəmər buzov 500-700 manat arası dəyişir, dananın qiyməti çəki artdıqca artır. Məsələn, 100-150 kq-lıq dananın qiyməti 1350-1900 arasında dəyişirsə, 200 kq-lq dana 2900 manata təklif edilir.

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv