Şagirdlərin dərsdə çətirlə oturduğu daha bir məktəb–Masallıda şagirdlər bu vəziyyətdə oxuyur

 

Adına məktəb deməyə çətinlik çəkdiyimiz bu binanın problemləri saymaqla bitməz. Dam örtüyü qəzalı vəziyyətdə, pəncərələrinin şüşələri qırıq, tavan və döşəmə deşik-deşik. Bura Masallı rayonunun Ərkivan qəsəbə 3 saylı tam orta məktəbidir. Bu kəndə uşağını dərsə göndərən valideynin birinci arzusu uşağın sağ-salamat evə qayıtmağıdır. Bu elm ocağında yağışlı günlərdə şagirdlər sinif otağında çətirlə oturmağa məcbur olurlar. Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbi 1962 – ci ildə tikilib istifadəyə verilib. O dövrdə məktəbdə 800 - ə yaxın şagird təhsil alıb. Məktəbdəki şəraitsizliyə görə sonradan valideynlər övladlarını bu məktəbdən çıxarıb, şəraiti yaxşı olan digər məktəblərə göndəriblər. Valideynləri narahat edən digər məsələ məktəbin istilik sistemi ilə bağlıdır. Onlar deyir ki, qarşıdan qış ayları gəlir. Məktəbin istilik sistemi yox səviyyəsindədir. Otaqlar odunla qızdırılır. Buna baxmayaraq, istilik otaqlarda qalmır. Səbəbi də binanın dam örtüyünün bərbad olmasıdır. Məktəbdəki şəraitsizlik, uşaqları da müəllimləri də narahat edir. Lənkəran – Astara Regional Təhsil idarəsinin Masallı rayonu üzrə təhsil sektorundan bildirdilər ki, məktəb 500 yerlik olmaqla, iki tədris binasından ibarətdir. Bina tikilib istifadəyə verildikdən sonra, cari və əsaslı təmir işləri aparılmamışdır. Buna görə də hazırda məktəb qəzalı vəziyyətdədir. Qeyd edək ki, hazırda məktəbdə 429 şagirdin təlim – tərbiyəsi ilə 41 nəfər müəllim məşğul olur.

İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv