Şahbuzda maraqlı inanc, göy guruldamamış bu bitkini dərmirlər
Yaz fəsli dağlarda, kəndlərdə yalnız özü ilə gətirdiyi əlvanlıq və xoş ovqatla yox, həm də dərman tərkibli bitkilərdən hazırlanan dadlı yeməklərlə hiss etdirir. Naxçıvanın dağlarında, dərələrində bitən belə faydalı bitkilər yaz aylarında sakinlərin əsas qidalarından sayılır. Elə ki, yaz gəldi Şahbuz rayonunun Sələsüz kəndində qız –gəlin dağ göyərtilərindən yığıb, müxtəlif yeməklər hazırlayır. Naxçıvanda yaşlı nəsil deyər ki, yazın gəlişi ilə baş qaldıran göyərtiləri yalnız göy guruldayandan sonra yığmaq lazımdır. İnanca görə, göy gurultusu cücərən çöl göyərtilərinə əlavə dad verir. Təndirlər salınar, çörək və qalın-tapı yapılar. Yığılan göyərtilərdən ləzzətli kətə, qutab bişirərlər. Dağ göyərtisindən tək kətə bişirilmir. Kəndli gəlinlər bu göyərtilərlə “pencər aşı” adlandırdıqları bir yemək də hazırlayırlar. Sələsüz sakinləri deyir ki, dağ göyərtilərindən hazırlanan kükünün dadını da, faydasını da başqa heç bir göyərtidən almaq olmaz. Bu faydalı bitkiləri qaynadıb qovuran da var. Şahbuz rayonunun sakinləri hər zaman qışdan qovurduqları qovurmadan saxlayar, dağlardan yığılan qovurulan bu qovurmanın dadından doymaq olmur. Dadı fərqli olan bu yemək isə evə gələn ən əziz qonağın əyləşdiyi süfrəyə gətirilər.
Ceyhun Məmmədov, Əli Xudiyev,APA TV