Şanlı qələbəmizin musiqi paradı: “Xarıbülbül” festivalının iştirakçıları danışır - REPORTAJ

Qarabağın köksündə, qabıq bağlayan 30 illik yaramızı sağaldığı yerdə, igidlərimizin qanı ilə yenidən küllərindən doğan Şuşamızda nəfəsimizi tutaraq izlədik “Xarıbülbül” musiqi festivalını. Çoxumuz orda olmasaq da, ürəklərimiz bir atırdı, bir düyümlənirdi boğazımız sevincdən “Bayatı-Şiraz” səslənəndə.

 

“Bayatı-Şiraz” muğamı ilə festivalın açılışını edən, böyük sənətkarlarla eyni səhnəni bölüşən 15 yaşlı Kənan Bayramlı “mənim üçün ən əvəzolunmaz səhnə Şuşadakı səhnə idi” deyir: “Açılışı etdiyimə görə çox qürur hissi keçirirəm. Hər adama nəsib olmur uzun illərdən sonra Şuşada konsertin açılışını etmək. Bu, mənim üçün böyük bir tarixi hadisədir. Prezidentimizin, Mehriban Əliyevanın qarşısında ifa etmək də ikiqat məsuliyyət idi. Bir çox sənətkarlarla da eyni səhnəni bölüşmək qürurverici idi. Bundan sonra gözəl yerlər, gözəl məkanlar ola bilər, amma heç biri Şuşanın əvəzini verə bilməz”.

 

Dahi bəstəkarımız Vasif Adıgözəlovun vətən həsrəti ilə yaratdığı “Qarabağ şikəstəsi” oratoriyasəslənərkən sevinci səhnəyə sığmayan, dirijor Yalçın Adıgözəlov bildirib ki, həmin günü heç vaxt unutmayacaq: “Heç şübhəsiz ki, bizim xalq özünü xoşbəxt hesab edə bilər. 30 ildir ki, həsrət çəkdiyimiz torpağımıza qayıtdıq. Xarı bülbül festivalında atamın “Qarabağ şikəstəsi” oratoriyası səslənərək tarixi vətəninə qayıtdı”.

 

Budur, 30 il boyu səsləndikcə köksümüzdəki yaranı sızladan, nisgillə dinlədiyimiz “Qarabağ şikəstəsi” aid olduğu yerdə, Qarabağın bağrında səslənir. Bu mahnını Alim və Fərqanə Qasımovların ifasında ilk dəfədir canımızdan soyuq gizilti keçmədən dinlədik: “Həm Alim Qasımov, həm qızı mən Fərqanə Qasımova alnıaçıq, qürurla bütün xalqımızın adından bunu ifa etdik. Bu ana görə çox qürur hissi keçirdik, çox şadıq. Hər bir konsertimizdən, tədbirlərdən sonra biz arzu edirdik ki, inşallah, bu muğamımız Qarabağda səslənər. Və bu aminlər gerçəkləşdi ki, biz Şuşada möhtəşəm “Xarıbülbül” festivalında iştirak etdik”

 

“Xarıbülbül” festivalının keçirildiyi gün 30 il qəfəsdə qalan Şuşamızın, yaralı musiqilərimizin  azadlığa qovuşduğu, Qaçaq Nəbimizin, Həcərimizin ruhunun rahatlığa çıxdığı  gün idi. “Mənim üçün ən möhtəşəm səhnə Şuşadakı səhnə idi” deyən xalq artisti Mənsum İbrahimov deyir ki, şanlı qələbəmizin musiqi paradında xalq mahnısı “Qaçaq Nəbi”ni bir başqa sevinclə səsləndirib: “Nəinki o çıxış, hətta Şuşaya girdiyimiz anda Qalanın qarşısında bizim bayrağımızın dalğalandığını görəndə hamımız duyğulandıq. O qədər həsrətini çəkmişdik ki, bu torpağın. Hər il deyirdik ki, inşallah, orada keçirərik festivallarımızı. Həm sevinc, həm də qürur hissi, həyəcan var idi. Mənim üçün dünyanın ən möhtəşəm səhnəsi idi o səhnə. O gün mənim ömrümə qızıl hərflərlə yazıldı sanki”.

 

“Xarıbülbül” festivalı təkcə musiqilərdən ibarət kompozisiya deyildi. Kürəyi elinə dayaq, sinəsi düşmənə çəpər olan oğulların qaytardığı qürurumuzun, ifadələrə sığdıra bilmədiyimiz sevincimizin səsi idi. 32 illik zülmətin bağrını dəlib günəş doğdu Şuşaya. Azadlığın günəşi, şəhidlərimizin qanı yenidən dirçəltdi Xarıbülbülü. Aç, Xarıbülbül, aç! Suyun, daşın, torpağın olmağa gəldik!

 

FATMA ZAHİDQIZI

SAMİR QARAGÖZOV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv