Şəhid bacısı: “Mənim qardaşım heç zaman ölməyəcək” - REPORTAJ

Yolumuz Masallı rayonunun Xıl kəndinədir. Vətən Müharibəsinin şəhidi Elgün Mikayıllı 13 may 2001-ci ildə bu kənddə dünyaya gəlib.

 

Atası Aqil Nağıyev deyir ki, Elgün uşaqlıqdan zirək olub, yaşının az olmasına baxmayaraq, böyüklər kimi rəftar edər, ailəsinin başını həmişə uca edərdi. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə Ağcabədi, sonra isə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. Vətən Müharibəsi başladığı ilk gündən torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə atılıb. Elgün xüsusilə Füzuli döyüşlərində böyük şücaətlə vuruşub, kəşfiyyatçı kimi ona verilən tapşırıqları dəqiqliklə yerinə yetirib. Ailəsini isə heç vaxt yaddan çıxarmayıb, gücünü də ailəsinə və vətəninə olan sevgisindən alıb: “Oturub ata-bala söhbət eləyirdik. Deyirdim ki, sənin yanında heç kim olmayacaq, tanımadığın insanların içinə düşəcəksən. Mən istəyirəm ki, sən özün özünü tanıyasan, biləsən ki, sən kimsən, nəyə qadirsən. Ona görə əsgərlik xidməti belədir. Həmişə deyərdi ki, narahat olma. Tez-tez zəng edərdi. Bir dəfə də özü zəng eləmişdi, gördüm xışıltı gəlir. Heç mən də soruşmazdım, o da yerini deməzdi. Çünki müharibə şəraitidir, soruşmağa ehtiyac yoxdur. Biz danışdıq, dedim: “Nədir, xışıltı gəlir?” Dedi: “Hə, ata. Yüksək bir yerdəyəm, fəxr eləməli günlərdir”.


İndi Elgün daha yüksək yerdədir - şəhidlik zirvəsində! Fəxr eləməli günlər aylara, illərə dönəcək. Məhz onun kimi igid Vətən oğullarının sayəsində qazandıq Böyük Zəfərimizi. Elgün iki bacının böyük qardaşı olub. Ailənin ən kiçik övladı olan Şölə isə qardaşının müharibədə olduğunu bilməyib: “Ümumiyyətlə, istər məktəb illərində, istər yoldaşları arasında, hətta əsgərlikdəki illərdə də onun xoş sədalarını eşitmişik. Qardaşım bizi çox istəyərdi, hər zaman bizə hədiyyələr almağı, biz sevindirməyi sevərdi. Ad günlərində, 8 mart qadınlar bayramında hər zaman bizə hədiyyələr alardı. Qardaşımla fəxr edirəm. Mənə görə, hər bir qızın qardaşı nə zamansa ölə bilər, amma mənim qardaşım heç zaman ölməyəcək, hər zaman yaşayıb və yaşayacaq”. 

 

14 oktyabr tarixi qəhrəman kəşfiyyatçımızın ömür yolunun son günü oldu. Elgün adını qızıl hərflərlə şanlı tariximizə yazıb, ölümsüzlüyə qovuşdu: “Bu da Allahın yazısıdır, Allahın sevib-seçdiyi bir şeydir. Mən istəsəm də, bu gün gedib orada şəhid olum, onu Allah mənə yazmayıbsa, olmayacağam. Bu gün Aqilin başını ucaldan Elgünə rəhmət diləyirəm. Aqilin də başı sağ olsun, həmişə başı dik oldu”. 

 

Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş Elgün Mikayıllı doğulub boya-başa çatdığı Xıl kəndində torpağa tapşırılıb. Qəbiristanlığın girişində İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə qoyulmuş abidədə Elgünün babası Nadir kişinin də adı var. Keçən əsrdə qələbə qazanmış azərbaycanlının tarix yazan davamçısı, igid babanın nəvəsi elə Elgün kimi olmalıydı - cəsur, vətənpərvər, imanlı, ailəcanlı və qəhrəman...

 

Tural Kərimov

Rövşən Əzimov

Müəllif | Apa.Tv
Apa.tv