Şəhid övladları "Mənim atam qəhrəmandır" söylədi - REPORTAJ

26 iyun - Silahlı Qüvvələr günü münasibətilə şəhid övladları üçün "Mənim atam qəhrəmandır" adlı tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş tutan tədbir "Fire Land Production”ın təşkilatçılığı, Azərbaycan Milli Güləş Federasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilib.

 

Şəhid ailələrinin, hərbi qulluqçuların, ictimaiyyət və media nümayəndələrinin iştirak etdiyi mərasimin əsas məqsədi torpaqlarımız azadlığı uğrunda canını fəda edən şəhidlərimizi əziz xatirəsini bir daha anmaq, onların övladlarına göstərilən qayğının daimi olacağını bir daha hiss etdirmək, eləcə də uşaqları idmanla, sağlamlıqla bağlı maarifləndirməkdir.

 

Tədbiri giriş sözü ilə açan xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, şəhidlər heç zaman ölmür, onların ruhu əbədi olaraq xalqın qəlbində yaşayır.

 

Tədbirdə şəhid övladları atalarının rəsmi həkk olunmuş köynəklərdə iştirak ediblər. Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının uşaq xoru, “Səma” rəqs ansamblının rəqqasları və gənc xanəndələrimiz tədbirdə müxtəlif kompozisiyalarla yadda qalıblar.

 

Daha sonra Olimpiya, Dünya və Avropa çempionları şəhid övladları ilə təlim-məşq toplantısı keçiriblər.

 

Tədbirin ikinci hissəsində şəhid övladları üçün gəmi gəzintisi təşkil olunub. Hərbi Dəniz Qüvvələrinə aid gəmi ilə dənizdə gəzinti zamanı şəhid övladları dünyaya "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!" mesajını verərək havaya göyərçinlər uçurublar. Şəhid övladlarına hədiyyələr təqdim olunub.

 

Daha sonra şəhid övladları hərbi qulluqçularla birlikdə əsgər yeməkxanasında nahar ediblər. Sonda uşaqlar və media nümayəndələri hərbi hissədə əsgərlər üçün yaradılan şəraitlə tanış olublar.

 

Hərbi hissə ərazisində üçmərtəbəli əsgər yataqxanalarında əsgər və zabitlərin asudə vaxtlarının səmərəli təşkili üçün zəruri şərait yaradılıb.

 

Hərbi hissədə xidmət keçən əsgərlər yaradılan şəraitə görə Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürlərini bildirib və qalib ordunun əsgərləri olduqları üçün fəxr etdiklərini qeyd ediblər.

 

Daha sonra hərbi hissənin fəxri qarovul dəstəsi şəhid ailələrinin və media nümayəndələrinin qarşısından təntənəli keçid edib.

 

Qeyd edək ki, Müdafiə Nazirliyi 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə silsilə tədbirlərini davam etdirir.

 

Həmidağa Məcidov,

Xəqani Hüseynov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv