Şəhid övladlarının bir günü - “QALİBLƏR DÜŞƏRGƏSİ”NDƏN REPORTAJ

Bakıda şəhid övladları üçün “Qaliblər düşərgəsi” fəaliyyətə başlayıb. 13-14 yaşlı 76 yeniyetmə üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir. Elə bizdə reportajımıza voleybol məşqinə qatılaraq başladıq, süjetimizin qəhrəmanları ilə oyundan sonra görüşəcəyik.

 

Şəhid Niyazi İsgəndərovun oğlu Ömər deyir ki, burada günümüz xoş keçir. O, burada həm də karate təlimlərinə qatılır: “Burda günümüz çox gözəl keçir. Günümüz səhər əl-üzümü yuyub dişimizi fırçaladıqdan sonra idmanla başlayır. Səhər yeməyi, təlimlər, rəqs dərsləri, ekskursiya ilə davam edirik. Günün iki saatı dincəlirik. Evlə danışırıq, istəsək yatırıq. Bir gün təlimə bir gün ekskursiyaya qatılırıq. Mən burda karate təlimlərinə qatılıram. Mən 15 dəfə karate üzrə birincilik qazanmışam, hətta İranda erməni rəqibimi də məğlub etmişəm”.

 

Şəhid Sahib Musayevin qızı Sahibə də düşərgədə yaradılan şəraitdən razıdır: “Ayin 4-dən düşərgədəyik. Artıq üç gündür. Səhər yuxudan dururuq, planlı formada gün keçiririk. Evdə olsa yuxudan günorta oyanardıq. İnanın o qədər gözəl gün təşkil olunub. Təlimlərimiz çox uğurludur. Bizə həm dərs keçilir, həm də psixoloji olaraq öz güvənlə bağlı təlim keçilir. Ürəyimizcədir. Modern rəqs təlimi keçilir, ona da qatılırıq. Sosiallaşırıq, yeni dostlar qazanırıq”. 

 

Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov deyir ki, layihənin bu səviyyədə əmələ gəlməsi təkcə Dövlət Miqrasiya Xidmətinin əməyi deyil: “Özəl təşkilatlar, əlaqədar nazirliklər, düşərgə “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi ilə reallaşıb. Bu həm də dövlət qurumları arasında birlikdəliyin sübutu, eləcə də şəhid ailələrinin dövlət inamını təzahür edir. Bilirsiniz ki, Vətən Müharibəsinin o ailələrə verdiyi acılar, uşaqların yaşadığı stress və psixoloji durum hələ uzun müddət davam edəcək. Bu baxımdan şəhid övladlarının bu düşərgədə olması çox önəmlidir. “For Azerbaijan” Xeyriyyə Təşkilatının nümayəndələri də burdadır, onlar uşaqlarla görüşür. Bu bizim üzərimizə böyük bir məsuliyyət qoyur. Bu gün burda gördüyünüz uşaqları ailələrə müraciət edərək biz istəmişik. Biz xahiş etmişik ki, icazə verin övladlarınızın qulluğunda olaq. İyulun 18-də düşərgədə bağlanış mərasimidir. Düşərgənin davamlı olmasını, yeni ailələrin müəyyən olunması ilə bağlı “For Azerbaijan” Xeyriyyə Təşkilatı ilə də danışıqlar aparacağıq. Bu ilk layihədir. Həm də bizim üçün bir testdir. Məqsədimiz həm də odur ki, uşaqlar evlərinə dəyişik abu-havada, əhval ruhiyyələri daha yaxşı, sağlamlıqları öz yerində qayıtsınlar”.

 

Sevinc Vaqifqızı,

Musa Qulammirzəyev.

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv