Şəki sakini maşınlar üçün hərəkəti asanlaşdırmaqdan ötrü görün nə etdi
Şəkinin rayon mərkəzindən elə də uzaq olmayan Oxud kəndinin yolu sakinləri də, bura gəlmək istəyən qonaqları da çarəsiz qoyub. Hər tərəfdən dağlarla əhatə olunan kəndin rayon mərkəzinə çıxışı 2 yolla mümkündür. Birincisi dağların yamacından açılmış el arasında dağ yolu deyilən yol, ikincisi isə çay yolu. Yerli əhali və kəndə gəlib-gedən qonaqlar uzunluğu 7 km olan dağ yolundan istifadə edir. Bu gün isə dağ yolu demək olar ki, yarasız vəziyyətdədir. 7 km uzunluğunda yolun rayon mərkəzindən kəndin girişinə qədər olan hissəsi yararsız hala düşüb. Yolun bir hissəsi bir neçə dəfə sakinlərin şəxsi vəsaiti hesabına çınqıllanıb. Amma bu tədbirlər də get-gedə dağılmaqda olan yolu salamat saxlamağa kifayət etməyib. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, maliyyə vəsaiti ayrılan kimi yolun əsaslı təmiri həyata keçiriləcək. Qeyd edək ki, Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşən kənd dəniz səviyyəsindən 1500–2000 m yüksəklikdə yerləşir. Kənddə 5 min 500-dən çox sakin yaşayır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV